İlkin Süleymanovla bağlı avqustun 8-də qərar gözlənir – Qardaşı danışdı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlamaq və öldürməkdə, meyiti isə yandırmaqda ittiham edilən, məhkəmənin hökmü ilə 18 il həbs cəzasına məhkum edilən İlkin Süleymanovun işi ilə bağlı bir müddətdir ki, sakitlik hökm sürür.

Artıq 4 ilə yaxındır davam edən işlə bağlı bir sıra suallar hələ də öz cavabını gözləyir. Hökm çıxarılan zaman bəzi şahid ifadələrinin ümumiyyətlə işə daxil edilərək qiymətləndirilmədiyi iddia edilir. Ölkə gündəminin ən qaranlıq cinayət işlərindən biri olan “Nərmin işi” ilə bağlı məsələ hökm çıxarılmasına baxmayaraq, hələ də tam bitmiş sayılmır.

Bəs hazırda prosesdə son vəziyyət nə yerdədir? Həbsdə olan İlkin Süleymanovun səhhəti necədir?

Globalinfo.az-a danışan İlkin Süleymanovun qardaşı Adil Süleymanov hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin gözlənildiyini deyib:

“Bu işlə məşğul olan 3 vəkil ayrı-ayrılıqda, həmçinin İlkin özü də barəsindəki hökmdən apellyasiya şikayəti veriblər. İlkinə hökmü 10-15 gün gec vermişdilər, o da ayrıca şikayət yazıb. Apellyasiya şikayəti üzrə məhkəmə isə avqustun 8-nə təyin edilib. İlkinin səhhəti hazırda yaxşıdır.

Amma biz bu məhkəmə ilə bağlı çox ciddi fəsadların ortaya çıxdığını gördük. Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmün yazılışında çox sayda uyğunsuzluğun olduğunu müşahidə etdik. Onun qərəzli olduğunu düşünürük”.

A.Süleymanov bəzi ifadələrin işə salınmadığı, bəzilərinin isə təhrif edildiyini bildirib:

“Bu uyğunsuzluqlardan biri bəzi şahid ifadələrinə yer verilməməsi, onların qiymətləndirilməməsidir. Məsələn, kənd sakini olan şahid Tofiq Vəliyevin yanmış meyit tapılan yerdə kibrit çöplərinin olmasına dair ifadəsi, kəndin digər sakinləri olan şahidlər Rüstəm Süleymanov və Gündüz Əliyevin Nərminin itdiyi günün səhəri onların həyətindən tapılan qanlı alt paltarı ilə bağlı verdiyi ifadələr qiymətləndirilməyib. Bu ifadələr gizlədilib, ümumiyyətlə cinayət işinə daxil edilməyib.

Elə qızın valideynlərinin verdiyi bəzi ifadələr də işə salınmayıb. Bir sıra şahid ifadələri təhrif olunub, bəziləri tam şəkildə əksini tapmayıb.

Ümumiyyətlə bir çox məsələlərin hökmdə həqiqəti əks etdirmədiyini gördük. Vəkillər elə sözügedən məsələlərlə bağlı qeydlər götürərək ciddi şikayətlər yazıblar. Ümid edirəm ki, avqustun 8-i apellyasiya məhkəməsində bütün bunlarla bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq”.

Ayşən Mustafa
Globalinfo.az