Patruşevin gözlənilməz Bakı-İrəvan mesajı – Bədbin proqnoz

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Azərbaycanla Ermənistan sülh sazişi üzərində işləyir. Tərəflərin danışıqlar masasında sülh sənədinin olması yeni bir xəbər olmasa da, indiki məqamda Patruşevin belə bir açıqlama verməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, sülh sazişi üzərində bir müddətdir iş gedir:

“Lakin Ermənistan tərəfi sülh sazişinə təkliflər adı ilə dəyişiklik edib geri göndərir və bununla da faktiki olaraq prosesi uzadır.

Sonuncu belə hadisə bu yaxınlarda oldu. Rəsmi İrəvan yenə adəti üzrə sazişə dəyişiklik edib geri göndərdi. Bu baxımdan demək olar ki, proses çox ləng aparılır.

Oqtay Qasımov

Sazişin imzalanması indiki məqamda tərəflərdən asılıdır. İrəvan heç də həvəsli görünmür. Ermənistan Baş naziri Nikol Paşinyan sülh istədiyini desə də, əməlləri bunun tam əksini göstərir.

Hesab edirəm, sazişin ilin yekuna qədər imzalanması mümkün deyil. Ümumiyyətlə, erməni tərəfinin bu istiqamətdə səsləndirdiyi fikirlər manipulyativ xarakterlidir. Bu mənada Patruşevin dedikləri o qədər də real deyil”.

Turan Rzayev
Globalinfo.az