İlin sensasiyalı müttəhimləri – SİYAHI

Sabah 2023-cü il başa çatır. Yola salacağımız qara dovşan ili bir sıra sensasiyalı həbslər və maraqlı məhkəmə prosesləri ilə də yadda qaldı.

Globalinfo.az “Qafqazinfo”ya istinadən ilin gündəminə düşən müttəhim və məhkumlarını təqdim edir:

İlin ən sensasiyaslı hadisəsi sözsüz ki, Meşəli kəndində azərbaycanlıların soqırımında iştirak edən Vaqif Xaçatryan və ardınca Araik ArtunyanRuben VardanyanDavid BabayanBako Saakyan, Arkadi Qukasyan və David İşxanyan kimi separatçıların həbsi oldu. V.Xaçatryan Azərbaycan məhkəməsi tərəfindən mühakimə edilərək 15 il müddətinə azadlıqdan məhrum edildi. Digər separatçı müttəhimlərin isə istintaqı davam edir.

Rəşad Dağlı: 2022-ci ilin sonunda həbs edilən meyxanaçı bu il mühakimə edildi. Qonşusunu öldürməkdə təqsirli bilinən Rəşad Dağlı 9 il 6 ay azadlıqdan məhrum edildi.

İlkin Süleymanov: 3 il davam edən, hər kəsin diqqətlə izlədiyi “Nərmin işi” də bu il yekunlaşdı. Süleymanov 10 yaşlı Nərminin qətlində təqsili bilinərək 18 il azadlıqdan məhrum edildi.

Tofiq Həsənov: Dövlət Təhlükəsizliyi Xidmətində davam edən istintaq əsnasında Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin rəisi, general-mayor Tofiq Həsənov da külli miqdarda mənimsəmə və rüşvət alma ittihamı ilə həbs edildi.

İlyas Mahmudov: Sumqayıt Şəhər Məhkəməsinin sabiq hakimi İlyas Mahmudova da bu il hökm oxundu. Eks-hakim rüşvət müqabilində qərardad çıxarmaqda təqsirli bilinərək 9 il müddətinə məhkum edildi.

Alimpaşa Məmmədov: Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov da bu il hakim qarşısına çıxarıldı. Prokuror onun 13 il azadlıqdan məhrum edilməsini tələb edir.

Qubad İbadoğlu: Qara dovşanın uğur gətirmədiyi tanınmışlardan biri də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu oldu. Professor İbadoğlu saxta pul dövriyyəsində ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçildi.

Müşfiq Atakişiyev: 2023-cü ilin son olaraq təəccübləndirdiyi hadisə isə “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin sabiq rektoru Dəyanət Atakişiyevin həbsi oldu. Atakişiyev rektor işlədiyi müddətdə universitetin prorektoru Tariel Əhmədovun qətlini sifariş verməkdə ittiham edildi. Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılaraq 48 saat ərzində təcridxanaya göndərildi.

Yeni ildə hər kəsə qanunsuzluqdan kənar qalmağı, azadlığın qiymətini bilməyi arzu edirik.