ilham ismayil 12

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunub.

Globalinfo.az bildirir ki, İlham İsmayıl əməliyyatdan sonra Oxu.Az-a səhhəti ilə bağlı açıqlama verib.

O bildirib ki, dünəndən etibarən reanimasiyadan palataya köçürülüb:

“Ürəyimdə problemlər olduğuna görə 2021-ci ildən etibarən gündə üç dəfə dərman qəbul edirdim. Bundan əlavə, xəstəliklə əlaqəli virus əleyhinə dərmanlar qəbul etdiyim üçün mədəm zədələnib. Bunu hiss etməmişəm. Çox güclü qanaxmalar olub. Vəziyyət boğulma həddinə çatdıqda məni yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalına yerləşdiriblər. Qan itirdiyim üçün burada mənə çoxlu qan köçürüblər. Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda həkim nəzarətindəyəm. Fasiləsiz sistem altındayam”.

***13:16

Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl əməliyyat olunub.

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”a İ.İsmayılın bacısı Bəsti İsmayıl məlumat verib.

O bildirib ki, qardaşı artıq palataya köçürülüb:

“Qardaşımın mədəsində olan xoranı endoskopiya əməliyyatı ilə yandırıblar. Səhhəti hazırda yaxşıdır. Palataya köçürüblər. Demək olar ki, hər gün yanına gedirəm. Əməliyyatdan çıxmış adamdır, özünü əzgin hiss edir. Evə buraxılması ilə bağlı isə hələ dəqiq nəsə deyilməyib”.

Qeyd edək ki, İ.İsmayıl yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Xatırladaq ki, İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.

1995-ci ildə MTN sistemindən istefa verərək ictimai-siyasi fəaliyyətlə məşğul olub.

Paylaş: