Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edir. Azərbaycanın ŞƏT qarşısındakı önəmini yalnız iqtisadi göstəricilərlə qiymətləndirmək doğru olmaz, burada strateji coğrafi mövqe də rol oynayır. ŞƏT məkanının şərqində Çin, Hindistan və Pakistan, şimalında Rusiya, cənubunda İran, mərkəzində isə Mərkəzi Asiya ölkələri yerləşir. Azərbaycan isə Xəzər dənizinin qərb sahilində yerləşməklə bu nəhəng coğrafiyanı Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat və ticarət marşrutlarının üzərində qərarlaşıb.
Məhz bu geoiqtisadi xətlərin kəsişməsində yerləşən Azərbaycan ŞƏT məkanı ilə Qərb arasında mühüm bağlantı və tranzit platforması rolunu oynaya bilər.
Bəs ŞƏT məkanı Azərbaycan üzərindən hansı yeni imkanlar əldə edə bilər?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı mühüm əhəmiyyət daşıyır:
“Bu Avrasiya geosiyasi məkanında baş verən keyfiyyət dəyişiklikləri fonunda Bakının strateji xarici siyasət kursunun məntiqi davamı kimi ilk növbədə Azərbaycanın beynəlxalq hüququn subyekti kimi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət doktrinasına sadiqliyini, eyni zamanda dəyişən qlobal təhlükəsizlik və iqtisadiyyat arxitekturasında öz milli maraqlarını suveren şəkildə reallaşdırmaq əzmini nümayiş etdirir.
Səfərin konseptual məqsədi Azərbaycanın ŞƏT ilə mövcud olan “Dialoq tərəfdaşı” statusu çərçivəsindəki institutlaşmış əlaqələrini daha yuxarı pilləyə qaldırmaq və bu platformanın təmin etdiyi siyasi-iqtisadi imkanlardan maksimal dərəcədə yararlanmaqdır. Beynəlxalq hüquqi müstəvidə ŞƏT-in nizamnamə prinsipləri — dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və daxili işlərə qarışmamaq öhdəliyi Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşür. Bu baxımdan, Bişkek sammitində iştirak Bakının Şərq və Avrasiya güc mərkəzləri ilə münasibətlərini hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətini təsdiqləyir”.
Deputatın sözlərinə görə, tədbir çərçivəsində nəzərdə tutulan ikitərəfli və çoxtərəfli yüksəksəviyyəli təmaslar regionun əsas güc mərkəzləri olan Çin, Rusiya, eləcə də Mərkəzi Asiya dövlətləri ilə energetika, rəqəmsallaşma və təhlükəsizlik sahələrində yeni normativ-hüquqi çərçivələrin və sazişlərin formallaşdırılmasına xidmət edir:
“Geniş siyasi-hüquqi təhlil göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat və logistika dəhlizlərinə nəzarət geosiyasi nüfuzun əsas göstəricilərindən birinə çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub transkontinental nəqliyyat marşrutlarının kəsişməsində yerləşən strateji coğrafi mövqeyini institusional diplomatik platformalarda legitimləşdirir. Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Orta Dəhliz layihəsi çərçivəsində ŞƏT üzvü olan dövlətlərin Azərbaycanın tranzit infrastrukturuna inteqrasiyası həm geoiqtisadi dividendlər gətirir, həm də ölkənin Avrasiya təhlükəsizlik sistemindəki əvəzsiz rolunu bərkidir.
Bəhruz Məhərrəmov
Mərkəzi Asiya regionu ilə sıx tarixi, mənəvi və siyasi bağlara malik olan Azərbaycanın bu coğrafiyadakı təşkilatlanma proseslərində fəal iştirakı Türk Dövlətləri Təşkilatı ilə ŞƏT arasındakı sinergiyanın artırılmasına da dolayısı ilə töhfə verir. Bakı özünün Qoşulmama Hərəkatındakı uğurlu sədrlik təcrübəsindən və neytrallıq prinsipindən çıxış edərək, hər hansı hərbi-siyasi bloka birbaşa inteqrasiya olunmadan, Avrasiyanın nəhəng bazar və resurs imkanlarından milli inkişaf naminə istifadə etmək taktikasını yürütməkdədir.
Yəni bu mənada Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın regionda yalnız passiv müşahidəçi deyil, beynəlxalq hüququn prinsiplərinə söykənən, Avrasiya məkanında sülhün, sabitliyin və loqistik inteqrasiyanın formalaşmasında aktiv iştirak edən strateji subyekt olduğunu növbəti dəfə sübut edir”.
Safura Bənnayeva
Globalinfo.az