prez 31 23

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla Azərbaycanın bütün ərazisində fevralın 7-də əmin-amanlıq şəraitində keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.

Zati-alinizin və cənab Prezidentimizin rəhbərliyi ilə ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən bənzərsiz dostluq və qardaşlıq münasibətləri regionumuzda sülhün və sabitliyin ən böyük təminatıdır.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırır, dərin ehtiramımı bildirirəm”.

X X X

Tunis Prezidenti Kays Sayid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini möhkəmləndirmək və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha bildirirəm.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Timor-Leste Demokratik Respublikası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə təkcə Sizin prezidentlik səlahiyyətinizin davamı deyil, həm də Azərbaycanın gələcəyi naminə Zati-alinizin liderliyinə və strategiyasına göstərilən etimadın təzahürüdür. Sizin dövlətə xidmətdə əldə etdiyiniz nailiyyətlər və fədakarlığınız ölkənizin inkişafına və rifahına olan sadiqliyinizin təsdiqidir.

Ötən ilin mart ayında Zati-alinizlə X Qlobal Bakı Forumunda iştirakım çərçivəsində keçirilən tarixi görüşü böyük məmnunluq hissi ilə xatırlayıram. Bu görüş xalqlarımız arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə təkan verib.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində biz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə böyük potensiala malik mühüm sahələrdə, xüsusilə də təbii sərvətlərin istismarında, infrastruktur, gübrə istehsalı və təhsil sahələrində yeni investisiyalar, layihələr və tərəfdaşlıqlar həyata keçirə biləcəyik.

Biz yalnız Qoşulmama Hərəkatı çərçivəsində deyil, həm də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) inteqrasiya səviyyəsində Timor-Leste ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılılıqlı maraqlarımız naminə möhkəmləndirilməsinə, əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə sadiqliyimizi bir daha vurğulayırıq.

Qoy Zati-alinizin yeni mandatı Azərbaycan xalqına daha böyük nailiyyətlər, davamlı inkişaf və firavanlıq gətirsin! Bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram. Bir daha Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Paylaş: