prez 31 23

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.

Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram”.

X X X

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram”.

X X X

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, Azərbaycan xalqına, o cümlədən bu hadisə nəticəsində faciəvi şəkildə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Beynəlxalq Avtomobil Federasiyasının bütün ictimaiyyəti belə bir çətin zamanda xalqınızla birgə bu kədəri bölüşür. Bu faciənin gətirdiyi ağrı-acı və itki ilə üzləşdiyiniz vaxtda düşüncələrimiz Sizinlə və hadisə nəticəsində zərər görən insanlarladır.

Bu cür anlarda sözlər bəzən acizdir, lakin ümidvaram ki, beynəlxalq ictimaiyyətin həmrəyliyi müəyyən qədər təsəlli verir. Belə çətinliklər qarşısında Azərbaycan xalqının cəsarətli və dözümlü olması hamımızı ruhlandırır.

Şəxsən öz adımdan və Beynəlxalq Avtomobil Federasiyası ailəsi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm. Qəlbimiz həlak olanların ailələrinin və Azərbaycanda, onun hüdudlarından kənarda bu kədərli anları yaşayan hər bir kəsin yanındadır. Əminik ki, həyatını itirənlərin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır”.

Paylaş: