prez 31

Belarus Prezidenti Aleksandr Lukaşenko təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:

“Əziz İlham Heydər oğlu. “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.

Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.

Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram”.

X X X

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer təyyarə qəzasının araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri böyük kədərlə oxudum. Sizə və Azərbaycan xalqına səmimi başsağlığı və həmrəyliyimi ifadə etmək istəyirəm. Bu ağır saatlarda fikirlərim ailə üzvlərini və dostlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı arzu edir, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid edirəm”, – məktubda vurğulanıb.

X X X

Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.

Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çexiya vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

Paylaş: