Prezident Sərsəng su anbarının ərazisində Azərbaycanın bayrağını ucaldıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Globalinfo.az xəbər verir ki, sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

***18:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

Globalinfo.az  xəbər verir ki, dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Həmçinin məlumat verildi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Bildirildi ki, 1898-ci ildə inşa edilmiş məbəd Qarabağ zonasında ənənəvi alban dini memarlıq məktəbinin elementlərini özündə ehtiva edir. O, yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunur.

Həmçinin qeyd edildi ki, Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazi tarixən Qafqaz Albaniyasının tərkibinə daxil olmuş, onun sosial-mədəni və hərbi-siyasi tarixində önəmli yer tutmuşdur. Bu baxımdan qəsəbənin yaxınlığında yerləşən müqəddəs Yelisey monastırının Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlı olması təsadüfi deyil.

Belə geniş ərazidə təməlqoyma mərasimindən ötən qısa müddət ərzində göz oxşayan istirahət parkının yaradılması olduqca füsunkar, bənzərsiz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsinin tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcəyini sübut edir.

***11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.