latviya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Məsrur Bərzani vurğuladı ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.

Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyi qeyd olundu.

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb

***16:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

“DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır.

Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.

Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

***14:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun “The Goldman Sachs Group Inc.” ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirdi.

Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

prez 091

***12:41

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.

Azərbaycan dövlət başçısı Davosda Latviya Prezidenti ilə görüşüb

Paylaş: