Xəbər verdiyimiz kimi, dekabrın 20-21-də Fransa və Ermənistanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-na təqdim etdiyi ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər.
Fransanın erməni maraqlarına xidmət edən mənfur niyyəti hər nə qədər baş tutmasa da bir məsələ diqqət çəkir: Nə üçün Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, adıçəkilən ölkələrin Fransanın təklif etdiyi bəyanatı qəbul etməməsinin bir neçə səbəbi var:
“Birincisi, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniyanın ayrı-ayrılıqda və təşkilatlar fonunda rəsmi Bakı ilə sıx əlaqələri mövcuddur. Azərbaycan bu günə qədər heç bir ölkəyə qarşı neqativ siyasət yeritməyib. Əksinə, qeyd olunan hər bir ölkə ilə münasibətlərin inkişaf etməsinə səy göstərib.
Misal üçün, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır. Düzdür, bu rəsmi şəkildə dövlətlər tərəfində elan edilməsə də belədir. Digər tərəfdən Azərbaycan Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb. Eynilə Kosovo münaqişəsi fonunda da Albaniya faktorunu nəzərə alan rəsmi Bakı rəsmi Belqradı dəstəkləmir.
İkincisi, rəsmi Bakı qeyd edilən ölkələr ilə yüksək münasibətlərə malik olduğu kimi geosiyasi manevrlərdən də istifadə etməyi yaxşı bilir. Örnək üçün, BMT dünyanın ən böyük və önəmli təşkilatı olsa da veto hüququna malik beş daimi üzv illərdir bir-birinin qərarlarına müdaxilə edir. Bu dəfə də Fransanın təklifinə digər daimi üzvlər Rusiya və Böyük Britaniya qarşı çıxdı. Yəni Moskva və Londonun Parisin təşəbbüsünə qarşı çıxması normal olsa da rəsmi Bakının Ukrayna münaqişəsində əks mövqedə olan iki ölkəni bu məsələdə ortaq məxrəcə gətirməsi diplomatik üstünlükdür.
Üçüncüsü, rəsmi Bakı Qoşulmama Təşkilatı və digər bir çox təşkilatda BƏƏ və Albaniya ilə sıx əməkdaşlığa sahibdir. Azərbaycanın xarici siyasətdə bu qədər aktiv olması bu ölkələrin rəyinə təsirsiz ötüşmədi.
Dördüncüsü, aydın məsələdir ki, Rusiya Fransanın Cənubi Qafqaza soxulmasın qətiyyən istəmir. Yəni Böyük Britaniya bu məsələdə Fransanın lehinə qərar versə idi belə, rəsmi Moskva geosiyasi maraqları naminə yenə də qarşı çıxacaqdı”.
Turan Rzayev
Globalino.az