İlham Əliyev: “Burada Heydər Əliyev və Eduard Şevardnadzenin şəkli diqqətimizi çəkdi”

“Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qeyd olunduğu kimi, bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir.”

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, onların dostluğunun çox böyük tarixçəsi var:

“Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, – o acı və ağrılı günləri biz xatırlayırıq, – məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”.