Deputatdan Taleh Boradigahinin “şərbəndə”sinə sərt REAKSİYA

Bir neçə gündür ki, sosial şəbəkələrdə Hacı Taleh Boradigahi kimi tanınan mərsiyyəxan Taleh Əsədovun “Namaz qılan bəndədir, qılmayan şərbəndədir” ifası birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub. Hətta Real TV-nin rəhbəri Mir Şahin Ağayev sosial şəbəkə hesabında bu mövzu ilə bağlı paylaşım edib. Qasım bəy Zakirin, Mirzə Fətəli Axundovun misralarından sitat gətirərək, bu sözün “Şər bəndə” yox, şərməndə olduğunu qeyd edib. Bəs görəsən, dinimizdə namaz qılmayan insanları bu cür aşağılamaq buyurulubmu? Bu yanaşma normal sayıla bilərmi? 

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, ümumiyyətlə, dinimizdə məcburiyyət olmadığı buyrulub.

O bildirib ki, insanlar hər kəsin seçiminə hörmətlə yanaşmalıdır:

“Bəli, dinimiz müsəlmanların nazam qılmasını, ibadət etməsini istəyir. Amma bu o demək deyil ki, namaz qılanlar, qılmayanları təhqir etməli və ya aşağılamalıdırlar. Belə yanaşmanı dinimiz qəti qəbul etmir. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Xüsusilə də bizim kimi cəmiyyət belə məsələlərdən qaçmalıdır”.

Ceyhun Məmmədov

C.Məmmədov deyib ki, namaz qılmaq və qılmamaq hər kəsin öz haqqıdır:

“Bu, həmin şəxslə Allah arasında olan bir məsələdir. Ona görə də, namaz qılmayanları “şərbəndə” adlandırmaq, onlara qarşı hər hansı aşağılayıcı ifadələr işlətmək yanlışdır. Bu, həm cəmiyyətdə ayrı-seçkilik yaradır, həm münasibətləri gərginləşdirir, həm də sosial münasibətlərə çox mənfi təsir göstərir. Hər kəs bilməlidir ki, dinimiz belə məsələlərə çox həssas yanaşır. Ona görə də, bu cür ifadənin işlədilməsi, namaz qılmayanlar haqqında “şərbəndə” deyilməsi səhvdir və bu, heç də cəmiyyətdə münasibətlərin normal inkişafına müsbət təsir göstərən məsələ deyil. Ona görə də hər kəs diqqətli olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az