İkimərtəbəli evdə PARTLAYIŞ – Xəsarət alan var / YENİLƏNDİ

Masallıda fərdi yaşayış evində qaz sızmasından partlayış olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qəriblər kəndində, 1965-ci il təvəllüdlü Bayram İbadulla oğlu Bəşirova məxsus ikimərtəbəli evdə baş verib.

Ev sahibinin yoldaşı 1961-ci il təvəllüdlü Yasəmən Kamil qızı Bəşirova qaz sobasını yandırarkən anidən partlayış baş verib və yanğın olub.

O, təcili tibbi yardım avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, yanğın evin 2-ci mərtəbəsindən başlayıb.

Faktla bağlı araşdırma aparılır.

***20:28

Masallıda xəsarətlə nəticələnən yanğın olub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.