İki tanınmış xanım QHT Agentliyinin keçirdiyi müsabiqədən danışdı

Martın 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan etdi.

Müsabiqədə 413 QHT qalib gəlib ki, onlar arasında Azəri-Türk Qadınları Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyi ə yer alıb.

Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı Globalinfo.az-a deyib ki, bu il “Qərbi Azərbaycana Qayıdış” İstanbul Forumu ya Türkiyədə, ya da Özbəkistanda keçiriləcək:

Tənzilə Rüstəmxanlı

“Hələ harada keçiriləcəyinə dair dəqiq qərar verməmişik. Türkiyə və Özbəkistanı seçməyimiz isə “Qərbi Azərbaycana Qayıdış” məsələsini Türk Dünyasının gündəminə daşımaq məqsədi daşıyır. Bundan öncə İspaniyanın Madrid şəhərində yüksək səviyyədə “Avropa Forumu” həyata keçirdik. İndi də o çərçivədə, lakin fərqli tərkiblə iş görəcəyik. Beynəlxalq qurumlardan, o cümlədən Türk Dünyasının elm imkanlarını bir araya toplayıb bir günlük, amma olduqca önəmli bir forum keçirmək niyyətindəyik. Proqramların bir çoxunu hazırlamışıq. Allahın izni ilə bunu bu il həyata keçirəcəyik. Bir sözlə, artıq işimizə başlamışıq”.

T.Rüstəmxanlı qalib olan hər kəsi təbrik edib, onlara uğurlar diləyib:

“Hər kəsi təbrik edirəm! Dövlətimizə, QHT sədrlərinə hər zaman dəstək olan ölkə başçımıza, QHT Agentliyinə, bu sahədə əməyi keçən, layihələrimizə qiymət verən, dəstək olan hər kəsə təşəkkür edirəm!”

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə saytımıza planları haqqında danışıb.

Kəmalə Ağazadə

O, birgə layihənin olub-olmamasına baxmayaraq, hər zaman QHT ilə əməkdaşlıq etdiklərini bildirib:

“Çünki agentliyin tədbirləri, konfransları, səfərləri olur ki, biz də qatılır, müəyyən töhfə veririk. Ötən il ekspertlər qrupu ilə maraqlı layihəmiz QHT tərəfindən dəstəklənmişdi. 5 təşkilat bir araya gələrək gender əsaslı zorakılıq və məişət zorakılığının qarşısının alınması məqsədilə icmaların yaradılması layihəsini icra etdik. Film çəkildi, regionlarda təlimlər keçirildi və həmin regionlarda sırf gender əsaslı və məişət zorakılığı ilə bağlı böyük araşdırma aparıldı. Nəticədə ortaya çox yaxşı iş qoyuldu”.

K.Ağazadə deyib ki, yekun konfranslarda hesabatlarını təqdim edən zaman dövlət qurumları nümayəndələri də yaxından iştirak ediblər:

“Bu il bizim təqdim etdiyimiz layihə yenə də gender əsaslı və məişət zorakılığının qarşısının alınması istiqamətində yeniyetmə və gənclərə verə biləcəyimiz bir töhfədir. Düşünürəm ki, bizi dəstəkləmək və yüksək göstəricilərlə qalib seçmək həm layihəmizin keyfiyyətli yazılması, təqdim olunması, həm də təşkilatın görə biləcəyi fəaliyyətləri yüksək qiymətləndirməkdən irəli gəlir. Bu layihələr ekspertlər tərəfindən qiymətləndirilir. Lakin nə onlar bizi, nə də biz onları tanıyırıq. Obyektiv qərar verdiklərinə görə onlara təşəkkür edir, bütün qaliblərə və QHT Agentliyinə uğurlar arzu edirəm! Biz bu seçimə görə ortaya çox keyfiyyətli və layihədə nəzərdə tutulandan da artıq iş qoyacağıq”.

Zaira Akifqızı
Globalinfo.az