İki ildir sürülməyən avtomobilə cərimə yazılıb – FOTO

İki ildən çoxdur ki, idarə edilməyən, hərəkətsiz vəziyyətdə saxlanmış avtomobilə cərimə təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət edən şikayətçi Rauf Əlimərdanovbildirib. O qeyd edib ki, 10-BP-920 dövlət qeydiyyat nömrə nişanlı, VAZ-2121 (“Niva”) markalı, 1993-cü il istehsallı nəqliyyat vasitəsini iki ildən artıq idarə etməyib, hətta yerini belə, dəyişməyib. Amma adında olan nəqliyyat vasitəsinə “Yol hərəkəti haqqında” Qanunla müəyyənləşdirilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə cərimə təyin olunub.

Vətəndaşın məlumatına görə, cərimə haqqında bildiriş mobil telefonuna SMS vasitəsilə bu gün səhər saatlarında göndərilib. 50 manat məbləğində cərimə təyin edildiyi, protokol tərtib olunduğu bildirilib.

Şikayətçi Baş Dövlət Yol Polisinin “902” qaynar xətt nömrəsinə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilmədiyini, buna görə “102” xidmətinə müraciət etdiyini vurğulayıb.

Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq:

“Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək”.

“Bəs vətəndaşın iddiası təsdiqini taparsa, bu zaman yanlış cərimə təyin edilməsi ilə əlaqədar hansı addım atıla bilər?” sualına gəlincə isə qurumdan qeyd edilib ki, hər bir halda araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.