Azərbaycan dövlətinin həyata keçirdiyi regional yol və nəqliyyat layihələri ölkənin üzərinə götürdüyü öhdəliklərə nə qədər məsuliyyətlə yanaşdığını nümayiş etdirir. Xüsusilə dəmir yolu xətlərinin və avtomobil yollarının qısa müddət ərzində yüksək icra səviyyəsinə çatdırılması Azərbaycanın böyük infrastruktur layihələrini planlı, ardıcıl və səmərəli şəkildə həyata keçirdiyini göstərir.
Globalinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, Zəngəzur layihəsi üzrə hazırda əsas istiqamətlər üzrə aparılan işlərin sürətlə davam etdirilməsi ölkənin nəqliyyat imkanlarının genişləndirilməsinə, regionların inkişafına və yeni iqtisadi bağlantıların yaradılmasına mühüm töhfə verir. Layihələrin 2027-ci ilin əvvəlinədək Ermənistan sərhədinə qədər çatdırılmasının planlaşdırılması Azərbaycanın bu prosesə strateji yanaşdığını və qarşıya qoyulan hədəfləri vaxtında yerinə yetirmək iradəsini ortaya qoyur. Bu, eyni zamanda, Azərbaycanın nəqliyyat sahəsində son illər əldə etdiyi mühüm uğurların göstəricisidir. Ölkəmiz müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində böyük layihələr həyata keçirərək regional və beynəlxalq nəqliyyat bağlantılarında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
“Yeni avtomobil yollarının, dəmir yolu xətlərinin və logistika imkanlarının inkişafı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində etibarlı tərəfdaş kimi rolunu artırır. Bu uğurlar ölkənin iqtisadi potensialının, texniki imkanlarının və strateji inkişaf baxışının nəticəsidir. Nəqliyyat infrastrukturunun inkişafı yalnız yol və dəmir yolu xətlərinin çəkilməsi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərinə verdiyi töhfəni göstərir. Bu layihələr bölgədə yeni imkanların yaranmasına, ticarət əlaqələrinin genişlənməsinə və insanların rahat hərəkətinin təmin olunmasına xidmət edir.
Azərbaycanın öz ərazisində bütün zəruri infrastrukturu sürətlə qurması onun həm maliyyə imkanlarını, həm texniki potensialını, həm də yüksək idarəçilik qabiliyyətini nümayiş etdirir. Ölkə üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirərək regional nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış edir.
Bu baxımdan həyata keçirilən bu layihələr Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Müasir nəqliyyat şəbəkəsinin formalaşdırılması ölkənin regional mövqeyini daha da gücləndirir, yeni iqtisadi perspektivlər yaradır və Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində rolunu artırır”, – deyə deputat əlavə edib.