Göygöl Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə görüntüləri yayılıb. Belə ki, o, ARB televiziyasına parkda, insanların dincəldiyi məkanda müsahibə verib. Onun bu addımı sosial şəbəkələrdə tənqid olunur. Əksəriyyət görüntülərin səmimi olmadığını, parkda olan şəxslərin rəsmi geyimdə və tapşırıq əsasında orada olduqlarını bildirirlər.
İlk baxışda səmimi görünən bu videonu ictimaiyyət niyə qəbul etmir? Cəmiyyət həddindən artıq aqressivdir, neqativə köklənib, yoxsa başçının “xalqla görüş”ünün süni olduğu təəssüratını təbii olaraq qəbul etmir? Məmurların vətəndaşlarla bu formatda görüşlərini daha inandırıcı etmək üçün nə etməli, hansı PR vasitələrindən istifadə olunmalıdır?
Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, həmin görüntüləri səmimi qəbul etmir:
“Çünki çayxana mühiti, oradakı söhbətlərin hansı atmosferdə baş verdiyi və həmin kontingentin xüsusiyyətləri hamıya məlumdur. Buna görə də bu görüntülər daha çox əvvəlcədən hazırlanmış, süni təsir bağışlayan bir PR addımı kimi göründü.
İqbal Ağazadə
Ümumiyyətlə, istər icra başçılarının, istərsə də digər məmurların ictimaiyyətlə münasibətlərini necə quracağı, hansı PR vasitələrindən istifadə edəcəyi onların öz seçimidir. Ancaq düşünürəm ki, əgər onlar həqiqətən səmimi olsalar, insanlarla açıq və etibarlı münasibətlər qura bilsələr, əlavə PR kampaniyalarına ehtiyac qalmaz. Xalq özü bunu görər, qiymətləndirər və həmin şəxslər haqqında müsbət rəy formalaşdırar”.
İqbal Ağazadə görüntülərin süni olduğunu vurğulayıb:
“Fikrimcə, belə süni görüntülər yaratmaq əvəzinə, gerçək mənada xalqın arasında olmaq, onların problemlərini dinləmək və həlli üçün real addımlar atmaq daha doğru yanaşmadır. Səmimiyyət heç bir PR texnologiyası ilə əvəz oluna bilməz”.
Zaira Akifqızı
Globalinfo.az