İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir? – Dosye

Prezident İlham Əliyev Firdovsi Əliyevi Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Globalinfo.az icra başçısı təyin edilən Firdovsi Əliyevin dosyesini təqdim edir:

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olub.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Malik Liftiyev
Globalinfo.az