İcra başçısı qadınları buna məcbur edib? – Açıqlama

“İməcliklə bağlı heç bir məcburiyyət yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva Şirvan şəhər icra başçısının tibb heyətini məcburi əməyə cəlb etməsi xəbərləri haqda danışarkən deyib.

O bildirib ki, nəinki tibb heyəti, ümumiyyətlə, heç bir işçi məcburi əməyə cəlb edilməyib:

“Bu, İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı keçirilən şəhər iməcliyidir. Hər həs öz çalışdığı müəssisənin qarşısını təmizləyir. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Bu gün respublikamızın bütün bölgələrində belə iməclik keçirilir. Onu da deyim ki, yalnız tibb heyəti yox, digər qurumlarda çalışan xanımlarımız da könüllü şəkildə iməclik işləri aparır”.

Qeyd edək ki, demokrat.az saytı martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməcliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələrin təmizlətdirilməsi ilə bağlı məlumat yayıb.

Zaira Akifqızı
Globalinfo.az