İcra başçıları, xarici vətəndaşlar niyə hədəfə gəlib? – Ekspert səbəbləri açdı

İki gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda terrora hazırlaşan dəstə üzvlərinin zərərsizləşdirilməsi haqda məlumat yaydı. Bildirildi ki, Azərbaycan Respublikasının vətəndaşı, Rusiyanın Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd və digərləri saxlanılıb. Onlar ölkə ərazisində terror törətmək planlaşdırırmış.

Dəstə üzvlərinin hədəfində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri və bəzi məmurlar olub. DTX-nin yaydığı məlumatda saxlanılan Əskərov Bəhruz etiraf edir ki, o, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlayıb.

Taleh Qaraşov

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir.

Xatırladaq ki, bu, icra başçılarına qarşı hazırlanan ilk sui-qəsd hadisəsi deyil. Artıq neçənci icra başçısıdır ki, ona qarşı ya sui-qəsd təşkil olunur, ya da sui-qəsdə cəhd edilir.

2018-ci ilin iyulun 3-də radikal dini qrup üzvü Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədi ilə ona odlu silahdan atəş açmışdı. Ağır yaralanan icra başçısı bu hücumdan sağ qurtulmuşdu. Hadisədən 1 həftə sonra – iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini qrup xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşını qətlə yetirmişdi.

Elmar Vəliyev və Yunis Səfərov

Xatırladaq ki, ötən il mart ayının 28-də axşam saatlarında deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi oldu. F.Mustafa hücum zamanı ağır yaralandı.

Son proseslər nədən xəbər verir? Ölkədə silsilə terror aktları törədilə bilər? Rayon-şəhər icra hakimiyyətləri başçılarının təhlükəsizliyi artırılmalıdır?

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, son zamanlar yalnız icra başçılarına deyil, ümumiyyətlə, məmurlara qarşı sui-qəsd cəhdi və terror aktları müşahidə olunur:

“Digər ölkələrlə müqayisə etsək, bizdə sui-qəsdə cəhdləri, terror hadisələri çox azdır. Hətta yox dərəcəsindədir. Dünyanın başqa ölkələrində, qonşu dövlətlərdə belə hallar tez-tez yaşanır. İndiki qarışıq zamanda bu cür cəhdlərin olması gözləniləndir. Amma güc strukturları var gücü ilə çalışırlar. Nəinki icra başçılarının, eləcə də bütün məmurların, Azərbaycan xalqının təhlükəsizliyi maksimum dərəcədə qorunur. Sadəcə, həmin şəxslər özləri də ehtiyatlı olmalı, təhlükəsizliklərini maksimum səviyyəyə artırmalıdırlar. Bununla da terrorçular istədiklərinə nail ola bilməyəcəklər”.

R.Rza deyib ki, icra başçılarına qarşı sui-qəsd cəhdi onu göstərir ki, ölkədə əmin-amanlığın, sülhün pozulması üçün çalışanlar var:

“Sui-qəsd cəhdinin xarici güclər tərəfindən təşkil olduğunu açıq görürük. Əsas səbəblərdən biri, dediyim kimi, Azərbaycanın terror aktlarının həyata keçirilməsi üzrə siyahıda sonuncu yerdə qərarlaşmasıdır. Bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, beləliklə, ölkəmizi tutduğu yoldan da yayındırmaq istəyirlər. Çalışmaq lazımdır ki, onların bu niyyəti baş tutmasın”.

Zaira Akifqızı
Globalinfo.az