“Şəhərlərin inkişafı strategiyalarla deyil, praktik tətbiqi ilə qiymətləndirilir və uğurlu icra üçün aydın baxış və sistemli yanaşma vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə deyib.
O bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni islahat mərhələsinə başladıqdan sonra “Ağıllı Qoruq” adlı üçillik transformasiya strategiyası hazırlanıb.
R.Mahmud vurğulayıb ki, İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısında yer alan tarixi məkan olmaqla yanaşı, canlı şəhər mühitidir:
“Uzun illər tarixi şəhərlər ya muzey kimi, ya da parçalanmış yanaşmalarla idarə olunurdu. Biz başa düşdük ki, bu model artıq dayanıqlı deyil.
İçərişəhərdə ağıllı mobillik və nəqliyyat idarəetməsi tətbiq olunub. Rəqəmsal giriş sistemi, parklanma zonaları və avtomatlaşdırılmış ödəniş mexanizmləri ilə nəqliyyat yükünü azaltmış, piyadalar üçün daha rahat mühit yaratmışıq”.
R.Mahmud həmçinin “İçərişəhər” mobil tətbiqindən də danışıb:
“Tətbiq turistlərə naviqasiya və mədəni məlumatlar, sakinlərə isə xidmət və müraciət imkanları təqdim edir. Növbəti mərhələdə ağıllı kameralar və monitorinq sistemləri planlaşdırılır. Bu sistemlər təhlükəsizlik və şəhər mühitinin real vaxtda idarə olunmasına imkan verəcək. İnanıram ki, İçərişəhər gələcəyin ən güclü şəhər modellərindən birinə çevrilə bilər”.
Zaira Akifqızı
Globalinfo.az