WhatsApp Image 2023 08 13 at 06.51.31

Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi Bakıxanov  qəsəbəsində yaşayan imkansız, yaşlı, tənha, xəstə  və əlilliyi olan şəxslərin  sosial problemlərinin həllinə dəstək layihəsinə başlayır.

İctimai Birliyin rəhbəri Kübra Babayevanın Globalinfo.az-a verdiyi məlumata görə, layihə üçün maliyyə dəstəyini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ayırıb:

“Tədbirlərimiz 3 ay müddətində Bakıxanov qəsəbəsində keçiriləcək. Əsas məqsədimiz qəsəbədə yaşayan  yaşlı, tənha, xəstə  və  əlilliyi olan   şəxslərin maddi və sosial problemlərinin  həllində yardım etməkdir. Apardığımız araşdırmalar göstərir ki, bu sosial qrupa aid insanların həm sosial, həm tibbi, həm hüquqi yardıma çox ciddi ehtiyacları var. 3 ay boyunca onlara bu problemlərin çözümü üçün yardım edəcəyik. Düşünürəm ki, onları narahat edən və yaşlı, xəstə, eyni zamanda hüquq bilgilərinin az olmasından dolayı yığılan problemlərin çözümü bu şəxslərə ciddi mənəvi dəstək olacaq”.

Layihə rəhbəri bildirib ki, artıq layihəni həyata keçirəcək qruplar işə başlamaq üçün tam hazırdır:

“Fiziki cəhətdən hərəkət etmək imkanı olmayan qoca, tənha və kimsəsizlərə evdə tibbi müayinənin və  müalicənin  təşkil olunmasını, gündəlik ev işlərinin  görülməsi, gigiyenik  tələbatlarının ödənilməsi üçün sosial təminat  şöbəsinə müraciət  edərək  sosial işçilərin cəlb edilməsini təşkil etməyi planlaşdırmışıq. Eyni zamanda əlilliyi olan, tənha, qoca, kimsəsiz , xəstə   şəxslərin  tibbi  ləvazimat və dərman preparatları ilə təmin olunmasına yardım edəcəyik.

Hüquqi problemlərlə üzləşən  əlilliyi olan   və tənha, kimsəsiz    insanlara problemlərin həllində  pulsuz   hüquqi yardımlar  göstəriləcək. Peşəkar  hüquqşünasımız bu insanların  fiziki və hüquqi şəxslərlə,  dövlət orqanları ilə münasibətdə üzləşdikləri hüquqi xarakterli  problemlərin həllində  iştirak edəcəklər”.

Kübra Babayevanın sözlərinə görə, ehtiyacı olan sosial qruplara dəstək məsələsində xeyriyyəçilik  ənənələrinin gücləndirilməsi məqsədilə keçiriləcək Dəyirmi Masada isə xeyriyyəçilərin, bələdiyyə, QHT və media nümayəndələrinin, dövlət orqanının birgə işinin təkmilləşdirilməsi yolları müzakirə ediləcək.

Paylaş: