husiler

İran Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatını Yaxın Şərqdə gərginliyi azaltmağa və ABŞ-la dialoq kanalı açmağı nəzərdən keçirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran bu mesajı husilərə İraqın sabiq Baş naziri Adil Əbdül Mehdi vasitəsilə ötürüb. O, son səfəri zamanı Sənada husilərlə görüş keçirib. Təklifə əsasən, ABŞ-ın hava zərbələri dayandırılacağı təqdirdə husilərin Qırmızı dəniz və Babül-Məndəb boğazındakı hücumları müvəqqəti dayandırması nəzərdə tutulur.

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ qüvvələri husilərin nəzarətində olan ərazilərə genişmiqyaslı hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, bu əməliyyat Amerika maraqlarının qorunması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb. Husilərin məlumatına görə, hava hücumları nəticəsində 53 nəfər həlak olub.

Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında yerləşən “USS Harry Truman” aviadaşıyıcısını raketlər və PUA-larla hədəfə aldığını bəyan edib. Lakin gəminin zərər görüb-görməməsi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, Qəzza münaqişəsinin kəskinləşməsindən sonra husilər İsrail ərazisini atəşə tutacaqlarını və onunla bağlılığı olan gəmilərin Babül-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. 2023-cü ilin noyabrından etibarən husilər Qırmızı dənizdə müntəzəm olaraq ticarət və mülki gəmilərə hücumlar təşkil edirlər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: