“Azərbaycan Respublikası beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi mühüm bir məkana çevrilib. COP29-dan sonra BMT miqyasında ikinci ən böyük tədbir hesab olunan WUF13 (Ümumdünya Şəhərsalma Forumu) məhz Azərbaycanda keçirilir”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Globalinfo.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu tədbirin əhəmiyyətini nəzərə alsaq, hazırda dünyada bu miqyasda beynəlxalq forumların təşkili üçün çox az sayda uyğun məkan mövcuddur:
“Qlobal miqyasda münaqişələrin və müharibələrin davam etdiyi bir dövrdə Azərbaycan Respublikası 180-dən çox ölkəni bir araya gətirərək bu mühüm tədbirə ev sahibliyi edir”.
H.Hacıyev deyib ki, bu forum çərçivəsində Azərbaycan öz zəngin şəhərsalma mədəniyyətini, qədim dövrlərdən, orta əsrlərdən başlayaraq müasir dövrə qədər olan inkişaf yolunu beynəlxalq ictimaiyyətlə bölüşür:
“Eyni zamanda, Azərbaycan beynəlxalq təcrübəni də yaxından öyrənir və mübadilə edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz açıq müzakirələrə, təcrübə mübadiləsinə və bir-birimizdən öyrənməyə hazırıq.
Hesab edirik ki, Azərbaycan bu gün qlobal urbanizasiya gündəliyinin formalaşdığı əsas mərkəzlərdən biridir. Müasir dövrdə insanların fəaliyyətinin böyük hissəsi şəhərlərdə cəmləşdiyindən, şəhərlərin problemləri, çağırışları və inkişaf modelləri də məhz bu platformada müzakirə olunur.
Eyni zamanda, Azərbaycan şəhərsalma baxımından işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə dünya üçün maraqlı və unikal bir nümunə təqdim edir. Bu təcrübə beynəlxalq ictimaiyyət tərəfindən öyrənilə biləcək dəyərli bir modeldir”.
Zaira Akiqızı
Globalinfo.az
