Son günlər cəmiyyətdə hicablı qız uşaqları ilə bağlı müzakirələr diqqət çəkir. Bu tendensiyanın hansı səbəblərdən qaynaqlandığı, ailə mühitinin, sosial şəbəkələrin və dini maarifləndirmənin bu prosesə təsiri suallar yaradır.
Hicablı qız uşaqlarının sayı son illər niyə kəskin artıb? Cəmiyyətdə bunu tətikləyən hansı faktorlar var?
Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, İran molla rejimi əksər müsəlman ölkələrində öz siyasi və ideoloji propaqandasını aparır:
“Bunlar üçün isə dindən, məzhəbdən və dini atributlardan siyasi alət kimi istifadə edir. İran hicabı dini element olduğu üçün deyil, özünün siyasi alətinə çevirdiyi üçün, bir siyasi şüar olaraq müdafiə edir. Ölkəmizdə də təəssüf ki, vaxtilə İrana təhsil adı ilə gedib illərlə siyasi təlim görmüş şəxslər müxtəlif dairələrdə, dini ocaqlarda, məscidlərdə yerləşəcək mötədil dini dəyərləri yox, din adı altında İranın teokratik sisteminin məzhəbçi, radikal, siyasiləşmiş modelini təbliğ etdilər, aşıladılar və kifayət qədər tərəfdar topladılar. Hətta iddialara görə, yoxsul ailələrə ayda məvacib verərək körpə uşaqların başını bağlamağı, şəkil çəkdirib yaymağı tələb edən irançı dairələr, şəbəkələr var”.
Tural İrfan
Dinşünas bildirib ki, dinin dünyəvi dövlət modelinə uyğun olaraq düz təbliğ olunmaması boşluq yaradır:
“Bu boşluğu da İran kimi teokratik sistemlərin əlaltıları doldurur. Fanatizm, xurafat, mövhumat və dinin siyasiləşməsi son zamanar xüsusilə artıb. Bu da sırf İranın ölkəmizdə təkcə dini sahəyə deyil, digər sahələrə də ayaq açması, təsir qabiliyyətinin artmasıdır. Sosial bazaları, himayəçiləri, maddi resursları vasitəsi ilə buna qarşı mübarizə aparan milli ziyalılara problemlər yaradır, sosial şəbəkələrdə nüfuzdan salır, təhdid etdirir və yollarında menə olacaq hər şeyi dağıdır, məhv edirlər. Hələ bu dərəcədə İran təsiri ölkədə görünməmişdi.
Hesab edirəm ki, uzunmüddətli, ciddi mübarizə aparılmalıdır. Çünki məsələ hicab, dini dəyərlər məsələsi deyil, bu adlar altında dünyəvi dövlət quruluşuna qarşı hibrid müharibədir. İranın ölkəmizdə bağlatdığı hicab dini atribut deyil, rejimin ideoloji elementi və siyasi şüarıdır. Bunu məktəblərə edilən hücumlar, söyüş-təhqir kampaniyaları da sübut edir. Din təhqir, söyüş və iğtişaşlarla təbliğ olunmur. Əgər buna yol verilirsə, deməli, hicab sadəcə əsl gizli məqsədi müqəddəs dəyərləri müdafiə adı altıda ört-basdır edib insanları manipulyasiya etməkdir”.
Ləman İmran
Globalinfo.az