Heydər Əliyevin xalqa çağırışından sonra könüllü olaraq cəbhəyə yollandım – Əvəz Qocayev

“Ulu Öndərin ən böyük uğuru gücünü xalqdan, Vətəndən almasında idi”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev Globalinfo.az-a müsahibə verib. Əvəz müəllimlə ümummilli lider, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 100 ili ərəfəsində danışdıq:

– Əvəz müəllim, may ayının 10-da Heydər Əliyevin anadan olmasının 100 ili tamam olacaq. “Heydər Əliyev ili” çərçivəsində ümummilli liderlə bağlı silsilə tədbirlər keçirilir. Siz müəyyən müddət Heydər Əliyevin rəhbərliyi altında işləmisiniz. Onu necə xarakterizə edərdiniz?

– Heydər Əliyev dövlət adamı kimi Azərbaycan xalqının 20-ci əsrdə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Yaxın dövrə nəzər salsaq görərik ki, müasir tariximizdə çox rəhbərlər gəlib-gedib, amma Heydər Əliyev kimi lider və rəhbər olmayıb. Şəxsiyyəti formalaşdıran, ortaya çıxaran və onu xalq tərəfindən sevdirən bütün keyfiyyətlər Heydər Əliyevdə birləşmişdi. O, təkcə siyasət ustası, dövlət idarəçiliyinin mahir bilicisi deyildi. Bütün sahələri dərindən bilən bir fenomen şəxsiyyət idi. Heydər Əliyevin poeziyaya, musiqiyə, ədəbiyyata, folklora, rəssamlığa, tarixə diqqəti hər kəsə bəllidir. Üstəlik sadaladığım və sadalamadığım sahələrlə bağlı yüksək biliyə sahib bir insan idi.

Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr təlatümlər, siyasi çaxnaşmalar ilə yadda qalıb. 1993-cü ildə onu hakimiyyətə dəvət edəndə Azərbaycan dağılmaq, hətta yox olmaq ərəfəsində idi. Bir yandan erməni işğalçılarının Qarabağa və digər sərhəd bölgələrinə intensiv hücumları, digər yandan hakimiyyət uğrunda ayrı-ayrı qüvvələrin mübarizəsi, daxili çəkişmələr ölkəni əldən salmışdı. Xalq isə bu mənasız siyasi intriqalardan cana doymuşdu. Tez-tez ölkədə hakimiyyət dəyişiklikləri olurdu. Bu da ciddi siyasi, hərbi və iqtisadi böhran yaratmışdı. Cənub və şimal bölgəsində xarici güclərin təhriki ilə baş qaldıran separatizm meyilləri də bir başqa təhlükə yaradırdı. Bu qədər ciddi bir problemlərin olduğu vaxtda hakimiyyətə gəlmək çox riskli idi. Amma xalq onu bu böhrandan qurtaracaq xilaskara – Heydər Əliyevə böyük ümidlər bəsləyirdi. Onun hakimiyyətə gəlməsi əslində öz istəyi deyildi. Bu, sosial sifariş idi. Ona görə də həmin dövrdə hakimiyyətdə olanlar başqa çıxış yolu görmədikləri üçün Heydər Əliyevi xalqın tələbi və istəyi ilə Bakıya dəvət etdilər.

– Sizcə, Heydər Əliyev həmin dövrdə Azərbaycanın məhv olmasının qarşısını necə ala bildi? Yuxarıda da sadaladınız: erməni işğalı, daxili çəkişmələr, separatizm meylləri, iqtisadi böhran olan bir vaxtda hakimiyyət sükanının arxasına keçib, ölkəni uçurumdan xilas eləmək asan deyildi. Heydər Əliyevə mane olmaq istəyənlər də var idi. Onun iqtidara gəldikdən sonra uğursuzluğa düçar olması üçün əlindən gələni artıqlaması ilə edənləri hər kəs xatırlayır.

– Çox maraqlı sualdır. Belə bir sual üçün sizə təşəkkür edirəm. Bunun ən başlıca səbəbi xalqın ümummilli liderə məhəbbəti və inamı idi. Heydər Əliyev də bu çətin missiyanın öhdəsində ona görə gələ bildi ki, millətini, Vətənini çox sevirdi və bütün təhlükələrə sinə gərmək üçün enerjini xalqdan, Vətəndən alırdı. Amma sevgi və inamla da belə mürəkkəb vəziyyətdən çıxmaq mümkün olmazdı. Heydər Əliyevin dövlətçilik təcrübəsi, qətiyyəti, Azərbaycana qarşı düşmən mövqedə dayanan daxili və xarici düşmənlərə güzəştsiz mövqeyi bizi xalq və ölkə olaraq yox olmaqdan xilas etdi.
Burda bir məqamı da vurğulamaq istəyirəm. 1993-cü ildə o, hakimiyyətə gəldikdə bütün tərəfləri bir araya gətirmək üçün ciddi cəhdlə çalışdırdı. Qarşı-qarşıya duran siyasi qüvvələr arasında münasibətlərin yumşaldılmasına çalışırdı. Hətta hərbi qiyama rəhbərlik edən Surət Hüseynovu neytrallaşdırmaq, ölkəyə daha böyük zərbə vurmaması üçün ciddi işlər gördü.

– Amma həmin qüvvələr sonradan ona qarşı hərbi-siyasi çevrilişə cəhd göstərdilər.

– Bu artıq həmin adamların siyasi və mənəvi nankorluğu idi. Bu qüvvələr yalnız Heydər Əliyevə qarşı deyildilər, Azərbaycana qarşı idilər. Onlara bu bədxah əməllərini reallaşdırmağa Heydər Əliyev şəxsiyyəti mane olurdu. Ona görə də bu maneəni aradan qaldırmaq üçün çox cəhdlər etdilər. Heydər Əliyev bilirdi ki, bu qüvvələr xalqın bədbəxtliyi, faciəsi üzərindən hakimiyyətə gəlməyə can atırlar. Ona görə də belələrinə qarşı amansız və güzəştsiz oldu. Bütün bu fəaliyyətlərin nəticəsində vətəndaş müharibəsinin qarşısını aldı. Bu, Heydər Əliyevin ən böyük xidmətlərindən biridir.
Heydər Əliyev xalqı səfərbər etməklə daxildəki dağıdıcı qüvvələri ictimai qınağa məruz qoyub, onları müəyyən qədər neytrallaşdıra bildi. Paralel olaraq qanunun sərt üzünü onlara göstərdi. Həm də xalqı bir araya gətirib, erməni işğalçılarına qarşı müqavimət yaratdı. Heydər Əliyevin televiziyadan xalqa müraciətlərini yəqin xatırlayırsınız. O müraciətlərə milyonlarla insan səs verdi. Xalq öz liderinin çağırışı ilə meydanlara yığışıb dövlətçiliyi xilas etdi. Həmçinin həmin vaxt dağılmaqda olan ordunun yenidən formalaşması üçün səfərbərlik başladı. Bu addımlar olmasa idi, ermənilər daha böyük əraziləri işğal edə bilərdilər.

– Əvəz müəllim, yeri gəlmişkən, bildiyimiz qədər Heydər Əliyevin bu çağırışlarına səs verib, könüllü şəkildə cəbhəyə gedənlərdən də biri siz olmusunuz. Birinci Qarabağ müharibəsinin iştirakçısınız. Müharibə veteranısınız. İkinci Qarabağ müharibəsinin də xeyli sayda qazisi, veteranı var. Bəzən kənar güclər, antiazərbaycançı qüvvələr qazilərimizin həssas durumundan sui-istifadə edib, onları təxribata çəkmək istəyirlər.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək - Heydər Əliyev İli | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

– Bəli, 1993-cü ilin oktyabr ayında Ulu Öndərin televiziya ilə xalqa müraciətindən sonra könüllü olaraq müharibəyə getmişəm. O zaman Binəqədi Rayon İcra Hakimiyyətində başçının müavini vəzifəsində çalışırdım. Buna baxmayaraq, Heydər Əliyevin çağırışına səs verənlərdən biri olmuşam və bu mənim həyatımın ən şərəfli epizodudur. Heydər Əliyev kimi tarixi şəxsiyyətin xalqa çağırışından sonra Vətən torpaqlarının müdafiəsi üçün bir azərbaycanlı olaraq könüllülər batalyonunun tərkibində cəbhəyə yollanmışam.

Qazilər bizim baş tacımızdı. Onların bütün müraciətlərinə vəzifəmiz, səlahiyyətimiz çərçivəsində cavab veririk. Qazilərin yaşadıqları ünvanlara asfalt çəkilməsi, başqa sosial problemlərlə bağlı nə müraciətləri olarsa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi buna həssas yanaşır. Qazilərlə bağlı kimlərinsə spekulyasiya cəhdləri heç vaxt baş tutmayacaq. Bilirsinizmi niyə? Çünki ortada iş var, rəqəm var, fakt var. Dövlət qazilərimizin sosial problemlərinin həlli istiqamətində ciddi işlər görür. Yeni yaradılmış strukturlar vasitəsi ilə müharibə iştirakçılarının hər birinə qayğı göstərilir. Son iki ildə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü bütün işlər rəqəmlərlə əks olunub. Həmçinin şəffaflıq ciddi qorunub. Kimsə bu məsələdə dövləti, onun rəhbərliyini aldada bilməz. Çünki həm dövlət nəzarəti güclüdür, həm də ictimai nəzarət mexanizmi düzgün qurulub.

– Azərbaycan hazırda özünün ən həssas, məsuliyyətli və həm də şərəfli tarixini yaşayır. Heydər Əliyevin davamçısı olan İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz Qarabağı düşmən işğalından azad etdi. Bu, həm də Heydər Əliyevin arzusunun həyata keçməsi deməkdir. Hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri gedir. Artıq Ermənistanla sülh müqaviləsi imzalamaq məsələsi beynəlxalq müstəvidə müzakirə edilir. Tarixi xronologiya aparsaq belə demək olar ki, Heydər Əliyevin 30 il öncə başlatdığı böyük, qüdrətli və azad Azərbaycan ideyasını bu gün Prezident İlham Əliyev tam mənası ilə həyata keçirir. Siz bu proseslə bağlı hansı fikirlərə sahibsiniz?

– Cənab Prezidentin fəaliyyətini xalq, tarix yüksək qiymətləndirib. Gələcək nəsillər bu siyasətin bəhrəsini daha yaxından görəcəklər. Prezident həm işğal faktını aradan qaldırır, həm də erməni barbarlığı nəticəsində dağıdılan şəhərləri, kəndləri bərpa edir. Onun vaxtaşırı işğaldan azad edilən ərazilərə getməsi, orda strateji obyektlərin, infrastruktur layihələrin təməlini qoyması hər birimiz tərəfindən fəxrlə izlənir. Cənab Prezident Azərbaycanı əzilən, işğal edilən, diktə olunan ölkədən qüdrətli dövlətə çevirdi. Artıq dünyanın böyük dövlətləri Azərbaycanla, onun rəhbərinin iradəsi ilə hesablaşır. Ən əsası, ölkəmizin haqlı mövqeyi getdikcə daha çox dəstəklənir. Bu asan başa gəlmədi. Bunun üçün illərdir iş aparılır, fəaliyyət ortaya qoyulur. Çox şükür, İlham Əliyevin sistemli, ardıcıl fəaliyyəti bizi bu günlərə qovuşdurdu. Artıq Azərbaycan üçün yeni mərhələ başlayıb. Heydər Əliyevin başlatdığı nəhəng prosesi Cənab Prezident İlham Əliyev uğurla aparır və tam əminliklə inanıram ki, bu inkişaf Azərbaycanın daha da qüdrətlənməsi, güclənməsi ilə yekunlaşacaq.

Turan Rzayev
Globalinfo.az