Heydər Əliyevin illər öncə etdiyi bu şey 44 günlük müharibədə… – Şərh

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda ümummilli lider Heydər Əliyev irsinin, onun müəllifi olduğu Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Çağdaş dövrdə Azərbaycançılıq ideologiyası dövlət ideologiyası olaraq öz təsir dairəsini genişləndirməklə ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, bu il “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı ölkə miqyasında mühüm tədbirlər həyata keçirilir:

İlyas Hüseynov

“Xüsusilə vurğulamaq lazımdır ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə inkişaf, tərəqqi qeydə alınmışdır. Onun əvəzsiz xidmətləri hələ bundan sonrakı illərdə də xatırlanacaq, yad ediləcək.
Azərbaycanın enerji strategiyasının təməli məhz 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış “Əsrin müqaviləsi” ilə başladı. Daha sonra “Bakı-Tbilisi-Ceyhan”, “Cənub Qaz Dəhlizi” kimi uğurlu layihələr ölkəmizi dünyanın siyasi arenasında mühüm geosiyasi aktora çevirdi.

Digər tərəfdən qeyd etmək lazımdır ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanda həmrəyliyin təşkil edilməsi kontekstində Azərbaycançılıq ideologiyasının təşviqini geniş yaymaqdır. Müxtəlif etnik qrupların Azərbaycanda yaşadığını nəzərə alaraq bu ideologiya irəli sürüldü. Təsadüfi deyil ki, Azərbaycançılıq ideologiyası uğurlu nəticələrini uzun illər sonra vətən müharibəsində göstərdi. Bu xüsusda qeyd etməliyik ki, etnik fərqliliyinə baxmayaraq Azərbaycanda hər kəs silaha sarılıb vətənin müdafiəsinə qalxdı. Bu ideoloji işin nə qədər dərin köklü olduğunu bir daha göstərir. Nəticə etibarilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Heydər Əliyev idealları və onun banisi olduğu Azərbaycançılıq ideologiyasının mühüm rolu oldu”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Turan Rzayev
Globalinfo.az