“Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, əbədiləşdirilməsi məqsədilə məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul etdik. Artıq 20 ildən artıqdır ki, Azərbaycanda Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində bu müsabiqə xüsusi rol oynayır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, gənclər Heydər Əliyevin irsini öyrənməklə vətənpərvər vətəndaş olmaq ideyasını reallaşdırır:
“Heydər Əliyev həmişə gənclərə iki tövsiyə verərdi: birincisi, vətəni sevmək, sözün həqiqi mənasında vətənpərvər olmaqdan ibarət idi. İkincisi isə elmə, biliklərə yiyələnmək, müasir texnologiyaları və vərdişləri öyrənməklə əlaqədar idi.
Bu məktəbi keçənlərin hər biri Heydər Əliyevin arzuladığı vətənpərvər vətəndaş olurlar. Elmə, biliyə, ən müasir bacarıqlara yiyələnmək istiqamətində Heydər Əliyevin tövsiyəsinə əməl edirlər. Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə gətirib çatdıran Prezident İlham Əliyevin də gənclərimizə tövsiyəsi Heydər Əliyevin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməkdir. Bu biliklərdən istifadə edərək Azərbaycanın həm iqtisadiyyatını, həm ictimai həyatımızın bütün sferalarını inkişaf etdirmək üçün öz enerjilərini, bacarıqlarını və vətənpərvər ehtiraslarını istifadə etməkdən ibarətdir.
Azərbaycan gəncliyi Azərbaycanı daha da irəliyə aparmaq üçün öz enerjisindən, qabiliyyət və bacarıqlarından istifadə etmək həvəsi ilə yaşayan gənc insanlardır”.