Heydər Əliyev Ukraynanı böhrandan belə xilas edib

Heydər Əliyevin ukraynalıların taleyində böyük rolu olub.

Globalinfo.az xəbər verir ki, bunu “Report”a Sovetlər dönəmində Azərbaycanda müxtəlif yüksək vəzifələrdə çalışan, sonralar müstəqil Ukraynanın Bakıdakı ilk səfiri olmuş Boris Aleksenko Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

“Vacib faktları sizə açıqlayacam. 2001-ci ildə Rusiya bizə dizel yanacağının nəqlini kəsdiyi üçün yanacaqsız qalmışdıq. Heydər Əliyevin yanına gedib məsələni izah etdim. O, Baş nazir Artur Rəsizadəni çağırdı. Bizə 100 min ton dizel yanacağı tədarük etmək tapşırığını verdi. Bu, Ukrayna üçün həyati ciddi qərar idi. Təəssüf ki, yanacağın pulunu ödəyə bilmədik. Sonra heç Azərbaycan hökuməti də bunu Ukraynadan istəmədi. Azərbaycan bu işdə bizə çox köməklik göstərdi. Rusiya gördü ki, onların yanacağına ehtiyac qalmayıb, dərhal qiyməti aşağı saldı. Azərbaycandan aldığımız miqdarda dizel yanacağını bizə tədarük etməyə başladılar.

Heydər Əliyev belə xilas etdi bizi. Digər bir faktı da deyim. Rusiya Ukraynanın Azərbaycanla dəmir yolunu bağlamışdı. Bu da bizim şərqlə nəqliyyat əlaqəmizin kəsilməsi demək idi. Ukrayna məhsullarını, məsələn, metalı tədarük edə bilmədiyi üçün bununla bağlı Azərbaycana müraciət etdi. Rusiya vasitəsilə dəmir yolu bağlı idi, çünki Çeçenistanda problemlər var idi. Biz bu tədarükü Bakı ilə Gürcüstandakı Poti limanı vasitəsilə həyata keçirdik. Potidən bərələr vasitəsilə məhsullar daşındı. Bu dəhliz Odessaya qədər uzanırdı. Bunu bizim üçün Heydər Əliyev təşkil etdi. Ukraynanı beynəlxalq böhrandan xilas etdi”.

B.Aleksenko onu da bildirib ki, Heydər Əliyevin vəfatı onun üçün böyük itki olub:

“O, bizim, şəxsən mənim üçün müəllimdir. Mən ondan çox şey öyrənmişəm. Heydər Əliyev məktəbi, onun iş üsulları dərin təhlil, kadr seçimi, təhsil sistemi, təlim, qərarların icrasına nəzarət deməkdir. Bu il Heydər Əliyevin 100 illik yubileyidir. Hesab edirəm ki, belə bir böyük siyasətçinin 100 illiyi bütün dünyada qeyd olunmalıdır. O nə isə tapşırırdısa, bu, dərhal icra edilməli idi. Əgər o, hər hansı sənəd imzalayıbsa, bu sənəddəki müddəalar icra olunardı”.

Ukraynanın Azərbaycandakı ilk səfiri hesab edir ki, bütün bunları Heydər Əliyev məktəbi kimi öyrənmək lazımdır:

“Təbii ki, o, özünü əvəz edəcək lider hazırladı. Mən Heydər Əliyev məktəbini, İlham Əliyev isə atasının akademiyasını keçib. Üstəlik, o, Heydər Əliyevin təcrübəsini, biliyini mənimsəyib, müasir yanaşmalara həyata keçirib. Yəni Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını yeni texnologiyalar əsasında həyata keçirib. Bir sözlə, İlham Əliyev atasının işini uğurla davam etdirir. Ona yeni uğurlar, cansağlığı arzulayıram”.