Heydər Əliyev “tmr” təhlükəsini aradan qaldırdı – Sabiq dövlət müşaviri


Heydər Əliyev hakimiyyətə gələndə ölkəmizdə qondarma “talış-muğan respulikası” ideyası baş qaldırmışdı. Hakimiyyət zəifləmiş, dövlət çevrilişinə cəhdlər Azərbaycanı məhv olmaqla qarşı-qarşıya qoymuşdu”.

Bu sözləri Globalinfo.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir:

“Xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdikdən sonra Ali Sovetin sədri, ardınca da prezident seçildi. Bununla da ciddi dövlət quruculuğuna başladı. Qısa müddət ərzində qeyri-formal silahlı dəstələr yığışdırıldı. Ölkədəki özbaşınalıq, qanunsuzluq halları qətiyyətlə aradan qaldırıldı. Yeni ordu quruculuğu prosesinə başlanıldı ki, bu, indi də davam etməkdədir.

Heydər Əliyev böyük dövlətçilik təcrübəsi olan lider idi. Bu keyfiyyətlərindən istifadə edərək Azərbaycan dövlətçiliyinin bünövrəsini qurub, müasir dövlətlər sırasına qaldırdı.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə qürurlanırıqsa, bu onun göstəricisidir ki, Heydər Əliyev tərəfindən əsası qoyulan daxili, xarici siyasət xətti, ordu quruculuğu varisi İlham Əliyev tərəfindən uğurla aparılıb. Bu gün də həmin uğurun qürurunu yaşayırıq”.

Safura Bənnayeva

Globalinfo.az