tahir budaqov

“Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə xidmət edən misilsiz işlər görüb. Ulu Öndərin xalqımızın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri də tarixi ənənələrə, milli dəyərlərə və zamanın çağırışlarına uyğun mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman intellektual və vətənpərvər gəncliyin yetişməsi istiqamətində mühüm tədbirlər həyata keçirməklə müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb:

“SSRİ dönəmində yüzlərlə azərbaycanlı gəncin İttifaqın nüfuzlu ali məktəblərində təhsil alması üçün həyata keçirilən tədbirlər Azərbaycanın gələcəyinə istiqamətlənmiş strateji əhəmiyyətli addımlar idi.

Müstəqillik illərində isə hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna paralel olaraq təhsil sisteminin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib, mühüm nailiyyətlər qazanılıb”.

T.Budaqov gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşmalı olduqlarını vurğulayıb:

“Bunun üçün qloballaşma şəraitində milli kimliyimizi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub yaşatmalıyıq. Artıq ənənəvi xarakter almış ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi də Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: