“Hətta ona zidd insanlar da rəhmət oxudular…”

Martın 2-də Hacı Şahin Həsənlinin vəfatının bir ili tamam olur. İctimaiyyətdə onun fəaliyyəti və cəmiyyətdə tutduğu yer anım günü ərəfəsində yenidən müzakirə mövzusuna çevrilib.

Globalinfo.az-a danışan ilahiyyatçı Fazil Əhmədli qeyd edib ki, Hacı Şahin Həsənli öz əxlaqı, gözəl söhbətləri ilə cəmiyyətdə müəyyən oyanışa səbəb olmuşdu:

“Onu sevənlər üçün bu bir il çox ağır keçdi. Elə insan idi ki, fikir, məzhəb baxımından özü ilə həmfikir olmayanlar da ona rəhmət oxudular. Onun gözəl əxlaqını dəyərləndirirdilər. Belə bir insanın erkən yaşda dünyadan getməsi hər kəsə təsir etdi.

İslam maarifində belə bir deyim var ki, ətir sınandan sonra daha da çox yayılır.  Hacı Şahin Həsənli də belə insanlardan idi. İnsana, cəmiyyətə faydası olan şəxslərin sağlığında qiyməti verilməlidir. Cəmiyyətimizin dini-ictimai fikrində onun düşüncələri əhəmiyyətli təsirə malikdir”.

Qeyd edək ki, Hacı Şahin Həsənlinin il mərasimi 02.03.2024 tarixində saat 11:00-dan başlayaraq Təzə Pir məscidinin mərasim zalında keçiriləcək.

Safura Bənnayeva

Globalinfo.az