Hesablama Palatası rəqəmsal audit platforması yaradır.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend İnformasiya Agentliyi və İctimai Televiziyaya birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, dövlət auditinin rəqəmsallaşdırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir. Bu məqsədlə dövlət sektorunda fəaliyyət göstərən təşkilatlardan hesabatların informasiya sistemləri vasitəsilə qəbulunu təmin edən vahid rəqəmsal platforma yaradılır.
Vüqar Gülməmmədov bildirib ki, bu istiqamətdə artıq texnoloji platforma formalaşdırılıb və Hesablama Palatasının informasiya sistemi hökumət buluduna yerləşdirilib. Hazırda hesabat və məlumatların sistem üzərindən əldə olunması istiqamətində işlər aparılır.
Sədr qeyd edib ki, informasiya sistemi tam istifadəyə verildikdən sonra illik iş planlarının hazırlanması, auditin hazırlıq və planlaşdırma mərhələləri tam elektron mühitdə həyata keçiriləcək. Eyni zamanda, müxtəlif ssenarilər üzrə risklərin avtomatik qiymətləndirilməsi tətbiq olunacaq ki, bu da resursların daha səmərəli bölüşdürülməsinə və insan amilindən yaranan risklərin azalmasına imkan verəcək.
Onun sözlərinə görə, sistemin digər dövlət informasiya sistemləri ilə inteqrasiyası məlumatlara operativ çıxışı təmin edəcək, audit nəticələrinin daha çevik əldə olunmasına şərait yaradacaq. Vüqar Gülməmmədov əlavə edib ki, növbəti illərdə platformanın funksiyalarının genişləndirilməsi və audit prosesində süni intellekt texnologiyalarının tətbiqi də nəzərdə tutulur.