Azərbaycanda ödənişli əsgərlik: 3 həftə hərbi xidmət keçir, sonra isə…

Türkiyə ordusunda müəyyən məbləğdə pul qarşılığında qısamüddətli hərbi xidmət keçmək mümkündür. Azərbaycan Silahlı Qüvvələrinin də Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Maraqlıdır, ödənişli hərbi xidmət Azərbaycanda da tətbiq edilsə, bu, iqtisadi baxımdan nələr qazandırar?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, Azərbaycan ən böyük hərbi təhdidini aradan qaldırıb, ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra azsaylı, amma daha peşəkar orduya keçidlə bağlı addımları sürətləndirə bilər.

Onun sözlərinə görə, peşəkar ordu maaşlı ordu olmalıdır:

“Həmin şəxslərə yüskək məbləğdə maaş verilməlidir. Maaşın mənbələrindən biri kimi də ölkəmizə ödənişli əsgərliyi gətirmək mümkündür. Bu, həm də korrupsiyanın qarşısını almış olacaq. Heç kimə sirr deyil ki, müxtəlif üsullarla əsgərlikdən yayınmaq istəyənlər var və bunun üçün külli miqdarda vəsait xərcləmək istəyənlər olur. Bunu sadəcə, rəsmiləşdirmək lazımdır. Hətta çox yaxşı olardı”.

Natiq Cəfərli

N.Cəfərli qeyd edib ki, kim müxtəlif səbəblərdən hərbidə xidmət etmək istəmir, onlar üçün ödənişli hərbi xidmət prinsipini gətirmək mümkündür:

“Bu hal həm də dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına və bunun hesabına zabitlərin, müqavilə əsasında xidmət göstərən əsgərlərin maaşlarının yüksək səviyyəyə qaldırılmasına gətirib çıxaracaq. Burada Türkiyə variantına yaxın müəyyən məbləğ müqabilində 2-3 həftə və ya 1 ay hərbi hazırlıq keçə bilərlər. Silahla davranmağı, ümumi məsələləri öyrəndikdən sonra artıq əsgərliyi bitmiş hesab edilə bilər. Bundan sonra da həmin şəxs işinə, təhsilinə geri dönər.

Mənə elə gəlir ki, Qarabağ məsələsinin həllindən sonra bu mövzunu gündəmə gətirmək və həll etmək mümkündür. Həm iqtisadi, həm də sosioloji cəhətdən çox pozitiv dəyişiklik olar”.

Zaira Akifqızı
Globalinfo.az