CLWLCZHK5NOA3BR4FPEITSS2EM

ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmada demək olar ki, bütün döyüşlərdə üstünlük qazansa da, hücumlardan üç ay sonra daha böyük sualla üz-üzə qalıb: o, müharibəni uduzurmu?

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin təhlil yazısında bildirilib.

Məqalədə qeyd olunur ki, İranın Hörmüz boğazına nəzarəti, nüvə güzəştlərinə müqaviməti və teokratik hakimiyyətinin hələ də ayaqda qalması fonunda Trampın hərbi uğurları siyasi qələbəyə çevirə bilməyəcəyi ilə bağlı şübhələr artır.

Analitiklər hesab edir ki, Trampın “tam qələbə” ilə bağlı açıqlamaları inandırıcı görünmür, çünki tərəflər qeyri-müəyyən diplomatik danışıqlar və yenidən hücum ehtimalları arasında qalmaqdadır. Belə bir ssenaridə İranın region üzrə cavab zərbələri endirə biləcəyi vurğulanır.

Yazıda bildirilir ki, İran hərbi və iqtisadi baxımdan ciddi zərbə alsa da, Hörmüz boğazı vasitəsilə dünya neft və qaz tədarükünün təxminən beşdə birinə təsir göstərə bildiyini nümayiş etdirib.

ABŞ-ın keçmiş Yaxın Şərq üzrə danışıqçısı Aaron David Miller bildirib ki, əvvəlcə qısamüddətli uğur kimi görünən bu müharibə Tramp üçün uzunmüddətli strateji uğursuzluğa çevrilir.

Ağ Evin sözçüsü Olivia Veyls isə ABŞ-ın əməliyyat çərçivəsində bütün hərbi məqsədlərinə nail olduğunu və ya onları üstələdiyini deyib.

Məqalədə qeyd olunur ki, Tramp daxildə də təzyiqlərlə üzləşib. Benzin qiymətlərinin artması və qarşıdan gələn aralıq seçkilər öncəsi reytinqlərinin aşağı düşməsi onun vəziyyətini çətinləşdirir.

Analitiklər hesab edir ki, Tramp indi iki seçim qarşısındadır: ya qüsurlu da olsa razılaşmanı qəbul etməli, ya da münaqişəni daha da genişləndirərək uzunmüddətli böhran riski ilə üzləşməlidir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: