Hərbi Prokurorluğun ləğvi ilə bağlı yeni məlumatlar – Hüquqşünas açıqladı

“Millət vəkili Zahid Orucun Hərbi Prokurorluğun ləğvi ilə bağlı təklifini məqbul hesab etmirəm. Çünki Azərbaycan hələ müharibə şəraitindədir və biz antiterror əməliyyatının zəruri olduğu dövrdə yaşayırıq. Bu baxımdan indiki şəraitdə sözügedən qurumun ləğv edilməsi məqsədəuyğun deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, hazırda Hərbi Prokurorluğun ləğvi real görünmür:

“Nə qədər ki Azərbaycan Respublikasının Baş Prokurorluğu var, onun nəzdində Hərbi Prokurorluq mövcud olmalıdır və olacaq da. Rusiyada olduğu kimi, bizdə də prokurorluq qanunların icrasına nəzarət edən bir orqan olaraq qalmalı və bütün istintaq hərəkətləri vahid istintaq idarəsində həyata keçirilməlidir”.

Ç.Qənizadə bildirib ki, yalnız vahid istintaq orqanı yaradıldıqdan sonra bu məsələlər üzərində düşünmək olar:

“Təhlükəsizlik orqanları fərdi qaydada qala bilər. Çünki orada müəyyən istintaq hərəkətləri, dövlət və milli maraqlar baxımdan məxfilik saxlanıla bilər. Amma Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, FHN və digər qurumlarda olan bütün istintaq şöbələri və idarələrini birləşdirərək vahid istintaq idarəsi yaradılmalıdır. Bu istintaq idarələri də Baş Prokurorluğun ali nəzarəti altında fəaliyyət göstərməlidir”.

Hüquqşünas Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Dövlət Təhlükəsizliyi Xidməti ilə (DTX) əvəz edilməsi nümunəsi haqda danışarkən bunları deyib:

“MTN ləğv edilmədi, sadəcə, adı dəyişdirildi. DTX əvvəlki MTN-in davamıdır və onun funksiyalarını daşıyır. Bunu nümunə kimi göstərmək olmaz”.

Ç.Qənizadənin sözlərinə görə, keçmiş baş prokuror Zakir Qaralov və Hərbi prokuror Xanlar Vəliyevin həbsi ilə bağlı səslənən fikirləri fakt kimi qəbul etmək düzgün deyil:

“Çünki biz hələ bilmirik, “Tərtər işi”ndə nələr baş verib. Kimlər hansı formada məruzə edib, kimi aldadıblar, bu işdə səhlənkarlıq edənlər kimlərdir, kimlər bilərəkdən cinayətə göz yumub və onun iştirakçılarına çevirilib?”

Müsahibimiz “Tərtər işi” ilə bağlı həqiqətlərin tezliklə üzə çıxmasının tərəfdarı olduğunu vurğulayıb:

“Biz bu məsələdə qanunsuz əziyyət çəkən insanların bəraət alması və haqlarının özlərinə qaytarılmasını istəyirik. Buna görə də səbirli olmalı, Baş Prokurorluğun apardığı istintaq işinin prosesini, rəsmi açıqlamaları izləməliyik”.

Zaira Akifqızı
Globalinfo.az