Hərbçilər dəyişdirildi, sırada nə var? – Qərb məcbur edir ki…

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq icra edildi.

Maraqlıdır, bu hadisənin ardınca sülh sazişi imzalanacaq? Bu sürətli və təsirli prosesin arxasındakı güc kimdir – Qərb, Türkiyə, yoxsa Rusiya?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ölkəmiz hər zaman beynəlxalq humanitar prinsiplərə sadiqlik nümayiş etdirib:

“Müharibədən sonra, xüsusən separatizmin ləğvindən bəri Bakı Ermənistana yönəlik sülh çağırışları edir və əməli addımlar atır. Diplomatik cinahda önəmli proseslərdən biri də region ölkələri arasında əlaqələrin genişlənməsi üçün zəmin yaradan 3+3 formatının daha ciddi şəkildə gündəmə gətirilməsi oldu.

Cavab reaksiyaları verilmədikcə Azərbaycan alternativ imkanlarını gücləndirir. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də Bakının uğurlu gediş etdiyini, sülhün bizdən çox Ermənistana lazım olduğunu söyləmək mümkündür. Bütün bu proseslər üzərinə əsir mübadiləsi, son 30 ildə ilk dəfə dövlətlər arasında ortaq bəyanatın verilməsi çağırışlarımızın ilkin praktik nəticəsidir.

Züriyə Qarayeva

Bu addımlar göstərdi ki, 44 günlük müharibə sülhə məcburetmə xarakteri daşıdığı kimi, diplomatiyamız da eyni missiyanı icra etmək gücündədir. Məhz bu kontekstdən çıxış edərək ümidlə deyə bilərik ki, yaxın aylarda sülh müqaviləsi imzalana bilər.

Kənar güclərin hansı mövqedə olduğuna gəlincə, Qərb və Rusiya arasında Soyuq müharibə dövründən başlanan konfrontasiya indi də Cənubi Qafqazla bağla davam etməkdədir. Birinin istədiyini digərinin istəməməsi və ya istəsə belə fərqli maraqlar güddüyü aşkardır. Müvafiq situasiyada Qərb bölgədə sülh bərqərar olsa belə, bunun Moskva olmadan icrasından yanadır.

Hazırkı reallıqlar bunu mümkünsüz etdiyi üçün Qərb Ermənistanı sülhdən yayındıraraq “ağasının üzünə ağ olmağa” vadar edir. Ancaq “örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər”. Qərb hər nə qədər Ermənistanı dəstəkləsə, maliyyələşdirsə də, blokada vəziyyətindən çıxmayan bu ölkəyə kənardan yardım yalnız quyuya su tökmək effekti verəcək”.

Turan Rzayev
Globalinfo.az