Ukrayna Ali Radasının dövlətə xəyanətdə ittiham olunan deputatı Aleksandr Dubinski ABŞ Prezidentinin Ukrayna münaqişəsinin nizamlanmasına dair 28 bəndlik planını kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, deputat bu barədə Teleqram kanalında yazıb.
Dubinski bildirib ki, sözügedən plan Ukraynada müharibənin davam etməsini istəyən qüvvələr üçün “vampirlər üzərində gümüş güllə effekti” yaradıb:
“Ukraynada müharibəni bitirmək üçün 28 bəndlik planın ortaya çıxması vampirlər üçün gümüş gülləyə çevrilib. Müharibənin davam etdirilməsini tələb edən meyityeyənlər hər küncdən sürünərək çıxıblar”.
Onun sözlərinə görə, Avropadakı bəzi dairələr və döyüşlərin davam etdirilməsinin tərəfdarları Ukraynanın maraqlarını nəzərə almır, əsas məqsədləri Rusiyanı tələyə salmaqdan ibarətdir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni sülh planının layihəsini təqdim edib. 28 bənddən ibarət sənəd Ukraynanın NATO-ya üzvlük niyyətindən imtina etməsini, Krım, Donetsk və Luqansk bölgələrini, eləcə də bəzi əraziləri Rusiya tərəfindən faktiki nəzarətdə olan zonalar kimi tanımasını nəzərdə tutur.
Tahir Turan
Globalinfo.az