“Hər Allah və Əhli-Beyt aşiqini İran agenti adlandırmaq doğru deyil” – Tural Abbaslı

Son günlər mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı üstünə toplaşanların mərsiyə deməsi, İslama aid olmayan şüarlar səsləndirməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri burada İran amilinin olmasını ehtimal edirlər.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı İranın Azərbaycandakı mövcudluğunun müxtəlif aspektlərdən qiymətləndirib.

O bildirib ki, İranın gücü iqtisadi, siyasi, dini təsirləri ilə ölçülə bilər:

“Sözsüz ki, təsir dərəcələrini Azərbaycan dövləti qiymətləndirməlidir. Tək İran yox, ümumiyyətlə, xarici ölkələrin Azərbaycana təsir vasitələri araşdırılmalı, analiz olunmalı və lazımi anlarda qarşısı alınmalıdır.

Sirr deyil ki, İranın Azərbaycana təsir imkanları əsasən İslam adı ilə və şiə təriqəti üzərindəndir. İran da bunun Azərbaycana yeganə təsir imkanı olduğunu bildiyi üçün bütün oyunlarını məhz bu kart üzərindən oynayır. Təəssüf ki, İran din, İslam, şiəlik, Əhli-Beyt sevgisi üzərindən kifayət qədər təsir imkanları əldə edə bilib. Son zamanlar informasiya texnologiyalarının inkişafı insanların alternativ məlumat mənbələrinə çıxışını rahatlaşdırıb. Buna görə də, İran öz agentini göndərib rayonlarımızda heç kimi təsiri altına sala bilmir”.

T.Abbaslı Hacı Şahinin yas mərasimində iştirak etməsi haqda da danışıb:

“Deməzdim ki, Hacı Şahinin məzarını ziyarət etmək İranın güc göstəricisidir. Burada daha çox insanların öz sevgisi, hörməti var. Şəxsən, mən gedib Hacı Şahinin yas mərasimində iştirak etdim, ailəsinə başsağlığı verdim. Mənim və ya mənim kimi insanların İrana nə dəxli var? Hər Allah və Əhli-Beyt aşiqini İran agenti adlandırmaq doğru deyil.

Düşünürəm ki, xüsusi xidmət orqanlarımız bu məsələləri diqqətə almalıdır. Çalışılmalıdır ki, yerli və milli dəyərləri özündə daşıyan dini liderlərimiz formalaşsın, kənardan idxal edilməsin. Bunun üçün də dövlət bəlli bir addım atmalıdır. İranın Azərbaycanda təsir imkanları olsa da, hansısa ciddi iş görə biləcək qədər güclü olduğuna inanmıram”.

Zaira Akifqızı
Globalinfo.az