HƏMAS Misirin təklifini qəbul etdi – Qəzza müharibəsi bitir?

HƏMAS Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üçmərhələli planını dəyərləndirmək üçün Qahirəyə gedəcək. HƏMAS ilk təklifi rədd etməsi fonunda razılıq qərarı diqqət çəkir.

Maraqlıdır, nəticə necə olacaq? Misir HƏMAS-İsrail müharibəsini sonlandıra biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, HƏMAS-İsrail müharibəsi üç aydır davam edir:

“Bu aylar ərzində bir neçə dəfə atəşkəs elan edilib. Humanitar atəşkəslər yaxşı təcrübə idi, lakin davamı gəlmədi. Bu baxımdan indiki məqamda Misirin irəli sürdüyü təklif yerində və doğrudur.

Misir regionun aparıcı ölkələrindəndir. Hətta Ərəb dünyasının ən güclü ölkəsidir. Bundan başqa, rəsmi Qahirənin İsraillə sərhədi var. Yəni əslində Misir prosesin onun ərazisinə keçməsindən ehtiyat edir. Buna görə də regionda sabitliyin olmasında maraqlıdır.

Oqtay Qasımov

Misiri narahat edən digər məsələ isə Qəzzadan fələstinli miqrantların gəlməsi ehtimalıdır. Qahirə belə miqrant axınına məruz qalmaq istəmir.

O ki qaldı HƏMAS-ın üçmərhələli planı dəyərləndirmək üçün Qahirəyə getməsinə, sülh hələ ki uzaq görünür. HƏMAS-ın İsrailə hücumu ciddi srateji səhv idi. Bu səhvin bədəlini isə mülki insanlar ödəyir”.

Turan Rzayev
Globalinfo.az