HƏMAS-ın yeni liderini Hakan Fidan təqdim etdi: Haniyəni əvəzləyən Məşəli kimdir?

İsmayıl Haniyənin ölümündən sonra HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edəcək şəxsin adı məlum olub. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi bu şəxsin Xalid Məşəli olduğunu deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşdə onu belə təqdim edib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, HƏMAS-ın üzərində Türkiyənin təsiri böyükdür:

“Xüsusilə təşkilatın siyasi bürosu Türkiyə ilə sıx əməkdaşlıq içində idi. İsmayıl Haniyənin HƏMAS içərisində əsas dəstəkçisi də məhz Türkiyə idi.

Müxtəlif səviyyədə aparılan danışıqlar, HƏMAS-ın siyasi qanadı diplomatik kanallarının açılması Türkiyə tərəfindən təmin edilir. Hakan Fidan MİT rəhbəri kimi bu məsələlərdə böyük təcrübəyə malikdir. HƏMAS-ı kifayət qədər yaxşı tanıyır, yüksəkvəzifəli şəxsləri ilə yaxın münasibəti var. Görünür ki, HƏMAS-la əlaqələr hələ də Hakan Fidan tərəfindən təmin edilir.

Zeynal Əmirəliyev

Digər dövlətlərin hər nə qədər təsiri olsa da Fələstinin mübarizəsində hazırda əsas söz sahibi məhz Türkiyədir. Burda Rəcəb Tayyib Ərdoğanın ərəb dünyasındakı yüksək nüfuzu da həlledici amildir. Türkiyə tərəfindən dəstəklənməyən şəxsin HƏMAS-ın lideri olması mümkün deyil.

Xalid Məşəli HƏMAS rəhbərliyində çoxdan təmsil olunurdu. Əsasən təşkilatın hərbi məsələlərini koordinasiya edirdi. Ancaq şübhəsiz ki, təşkilatda əsas güc İsmayıl Haniyənin rəhbərlik etdiyi siyasi – diplomatik ofisin əlində idi. Məhz Türkiyənin verdiyi dəstəklə Haniyə HƏMAS-ın əsas lideri olaraq qəbul edilmişdi. Baxmayaraq ki, o, hərbi rəhbər deyildi, ancaq siyasi işlərlə məşğul idi.

Xalid Məşəli üçün Ankaranın dəstəyini almaq bunun üçün əhəmiyyətli idi. Düşünürəm ki, təşkilatın yeni rəhbəri Xalid Məşəli də İsmayıl Haniyənin kursuna sadiq olacaq. Hərbi yolla bərabər siyasi-diplomatik mübarizəni də davam etdirəcək. Məşəlinin dövründə də HƏMAS Türkiyə ilə yaxın münasibətini qoruyub saxlayacaq, çünki buna məcburdur”.

Turan Rzayev
Globalinfo.az