ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Pakistana səfərinin təxirə salınmasının ardınca Vaşinqton mühüm görüş keçirilib.
Məlumata görə, Vens, ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratklif Ağ Evdə bir araya gəliblər. Görüşün gündəliyi və müzakirə olunan məsələlər hələlik rəsmi şəkildə açıqlanmayıb.
Maraqlıdır ki, Vensin İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilirdi.
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-İran münasibətləri yenidən dalana dirənib:
“Müharibənin nəticələrinin belə bir durum yaratdığını deyə bilərik. Çünki tərəflərin hər biri özünü qalib elan edib və indi geri çəkilmək niyyətində deyillər. Həmçinin Hörmüz boğazına nəzarət dünya enerji sisteminə təsir rıçağının əldə edilməsi deməkdir. ABŞ İranın boğaz üzərində nəzarəti və buradan gəmilərin keçidi üçün rüsum alması niyyəti ilə razılaşmır. Əksinə, özünün hərbi gücünə istinad edərək İrandan Çinə neft daşıyan tankerlərin hərəkətinə imkan vermir. İndi vəziyyət kifayət qədər ciddidir.
Biz müharibənin bir addımlığındayıq. İran nümayəndə heyəti ABŞ-ın şərtlərinə görə Pakistana getməkdən imtina edib. Faktiki olaraq super güc olan ABŞ pis vəziyyətə düşüb. Prezident Donald Tramp İran tərəfinin danışıqlar üçün ona yalvardığını deyirdi. Lakin artıq bunun doğru olmadığı aydındır. Həmçinin ABŞ-ın danışıqlar təklifindən imtina edilməsi də yeni bir situasiyadır. Birləşmiş Ştatların söz sahibi olan rəhbərliyinin Ağ Evdə bir araya gələrək keçirdiyi görüşün ölkənin nüfuzunu qorumağa və İranla bağlı qərar verməyə həsr olunacağı şübhə doğurmur. İndi biz ya müharibənin davamını, ya da yeni alternativ təklifləri gözləməliyik.

Mütəllim Rəhimli
Məsələnin mürəkkəbliyi ondadır ki, əvvəlki ümumi ittihamlardan fərqli olaraq indi maraqlar konkret obyekt üzərində toqquşur. Bu isə tərəflərin manevr imkanlarını məhdudlaşdırır və problemin mürəkkəbləşdiyini göstərir. Ona görə də Ağ Evin çətin vəziyyətdə olduğunu söyləyə bilərik.
Amerikalılar münaqişənin əleyhinədir, İsrail isə onu müharibəyə çəkir, digər tərəfdən dövlətin beynəlxalq nüfuzu və təsir etmə gücü təhlükə altındadır. Belə bir şəraitdə Ağ Evin qərar verməsi o qədər də asan olmayacaq. Tramp dalana dirədiyi komandasını və ölkəsini vəziyyətdən çıxarmağa məhkumdur”.
Turan Rzayev
Globalinfo.az