Həkim ekspertdən yeni pandemiya xəbərdarlığı: “Güclənəcək!”

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin daha bir pandemiya ilə üzləşəcəyini söyləyib. Bu barədə o, Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib.

“Bizi gözləyən yeni pandemiya ilə bağlı üzləşməmək üçün universal tibbi sahədə səylərimizi gücləndiririk. Bu, şübhəsiz ki, olacaq”, – deyə ABŞ lideri bildirib.

Həkim ekspert Rasif Bağırov da Globalinfo.az-a yeni pandemiya dalğasının gözlənildiyini açıqlayıb.

Ekspert bunu Azərbaycanın özündə belə hələ də COVİD-19 xəstələrinin olması ilə izah edib. O, bu haqda məlumat verilmədiyini və pandemiyanın bitməsi təəssüratı yaradıldığını, amma belə olmadığını qeyd edib.

“Təbii ki, yoluxma sayı getdikcə artacaq. Bundan əlavə, Çin kimi böyük bir ölkənin milyonluq şəhərləri pandemiya səbəbindən bağlanırsa, Hindistanda, Türkiyədə bu olursa, lakin məlumatlar verilmirsə, əlbəttə, ora ilə kontaktı olan digər ölkələrin insanlarının hamısı xəstəliyi vətənlərinə gətirib vuruşun yayılmasını gücləndirəcəklər.

Pandemiya əvvəlki səviyyəsində deyil, indiki yüngül variantında davam edərsə, bu ehtimal azalmış olur, amma 1 milyard əhalisi olan ölkədə infeksiya varsa, onun ətraf ölkələrə yayılması məntiqlidir”, – R.Bağırov bildirib.

Gülnar Səlimova
Globalinfo.az