“Heç kim bizimlə aqressiya dilində danışa bilməz” – AŞPA qalmaqalına SƏRT REAKSİYA

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti adıçəkilən təşkilatdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Buna səbəb AŞPA-da mövcud olan dözülməz, irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti, eləcə də nümayəndə heyətimizə qarşı əsassız ittihamlarla çıxış edilməsidir. Bütün bu amilləri nəzərə alan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinə son verməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsindən sonra korrupsiyaya bulaşan, siyasi rüşvətxorluğun alətinə çevrilən bəzi siyasətçilər və beynəlxalq institutlar həqiqətdən uzaq, reallıqları təhrif edən yanaşma sərgiləyirdilər:

“Bu cür təşkilatlar arasında yer alan AŞPA hər zaman Azərbaycana qarşı qərəzli və ikili standartların bariz nümunəsi sayılan addımları ilə diqqət çəkib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir. Ona görə də, AŞPA-dakı nümayəndə heyəti adıçəkilən qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yayılan bəyanat isə konkret və ciddi arqumentlərlə dolu olan bir yanaşmanı özündə əks etdirir. Bu qərar eyni zamanda Azərbaycanın milli maraqlarının vacibliyini ön plana çıxarır. Çünki biz işğala məruz qalan, bir milyon qaçqın və məcburi köçkünü olan, əraziləri dağıdılan, barbarlıqla üzləşən dövlətik”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL) - Turkic World

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi 2001-ci ildə bu təşkilata üzv olanda böyük ümidləri var idi:

“Yəni təşkilatın pozulmuş insan haqlarının bərpası istiqamətində addımlar atacağını gözləyirdik. Beynəlxalq hüququ və ədaləti bərqərar edəcəyinə ümid bəsləyirdik. Təəssüflər olsun ki, 19 il ərzində bu təşkilat tərəfindən yalnız növbətçi bəyanatlar səsləndirildi və heç bir əməli iş görülmədi. Məhz Azərbaycan dövləti hərbi-siyasi yollarla işğala və təcavüzə son qoydu. Azərbaycan tərəfi işğal dövründə AŞPA-da vətəndaşlarımızın pozulan hüquqlarının bərpası və işğal faktının aradan qaldırılması ilə bağlı çıxışlar edərkən, bizim deputatlara təşkilatın münaqişələrin həlli üçün uyğun olmadığını deyirdilər. Amma bu gün adıçəkilən təşkilat ölkəmizə qarşı çirkin kampaniyaların alətinə çevrilir, Azərbaycana qarşı qərəzli proseslərin başında dayanır. Bütün bu amilləri nəzərə alsaq, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırmasını çox doğru bir addım kimi dəyərləndirə bilərik. Rəsmi Bakı öz prinsipial mövqeyini yenidən nümayiş etdirdi. Çünki heç bir dövlət və beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq və aqressiya dilində danışa bilməz. Azərbaycan güclü dövlətdir və hər zaman siyasi iradə nümayiş etdirir”.

Əliyar Xəlil,

Globalinfo.az