Generalitetdə “yarpaq tökümü”: onlar Ordudan niyə uzaqlaşdırıldı? – “Fakt üzə çıxacaqsa…”

Müdafiə Nazirliyindəki son təyinatlarla bağlı müzakirə davam edir. Bəzi ekspertlər prosesin növbədənkənar prezident seçkilərindən sonra da davam edəcəyini iddia edirlər. Diqqətçəkən digər məqam isə vəzifədən uzaqlaşdırılan yüksəkrütbəli hərbçilərlə bağlı hər hansı prosesin, araşdırmanın başlamamasıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, orduya çağırış və ya ordudan tərxis prosesi vaxtaşırı həyata keçirilir:

“Hazırda daha çox yüksəkrütbəli şəxslərin vəzifədən uzaqlaşdırılması, habelə tərxis edilməsinin şahidi oluruq. Əslində, proses təbiidir və zabitlər arasında narahatlıq doğurmur. Misal üçün Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyevin təqaüd yaşı çatmışdı və buna görə də tərxis edildi. Bundan başqa, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev də yaş səbəbi ilə tərxis edildi. Onu keçən il tərxis etməli idilər, lakin xidmət müddəti bir il uzadıldı.

Üzeyir Cəfərov

Hərbi orkestrin rəisi general-mayor Yusif Axundzadənin yaşı çox idi. Hətta sonuncu tərxis olunan zabitlər arasında ən yaşlısı o idi. Yəni əslində o da çoxdan tərxis edilməli idi. O ki qaldı prosesin həbslərlə müşahidə edilməməsinə, bu haqda nəsə demək çətindir. Çünki kimin nə günahı var, ya da nələr edib – bunu bilmək çətindir. Bildiyim qədər, generallar ordudakı son yaş həddi ilə bağlı tərxis edilib. Mən onlarla bağlı kriminal xarakterli nəsə eşitməmişəm.

Sadəcə Ənvər Əfəndiyevin komandanı olduğu Quru Qoşunlarının maliyyə xidmətinin əməkdaşı Bayramov soyadlı bir şəxsin məhkəmə prosesi gedir. O da komandanlıqla bağlı məsələ deyil. Onun düşdüyü vəziyyət Müdafiə Nazirliyinin maliyyə xidmətinin rəisi general Nizami Məmmədov və bir sıra vəzifəli şəxslərlə bağlıdır. Məhkəmənin yekununda nəsə fakt üzə çıxacaqsa, onda bu barədə danışmaq olar, lakin mən yeni bir faktın olacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az