Hazırda ən ciddi problemlərdən biri də budur – Deputat

Ölkədə baş verən son daşqınlar kənd təsərrüfatına ciddi ziyan vurub. Sığortası olan fermerlərə dəyən ziyanın dövlət tərəfindən qarşılanacağı bildirilir. Bu məsələ aqrar sektorda sığorta tədbirlərinin önəmini bir daha gündəmə gətirib.

Globalinfo.az-a danışan millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, kənd təsərrüfatının sığortasının həyata keçirilməsi zəruridir:

“Kənd təsərrüfatını sığorta edən şəxslər üçün hətta dövlət büdcəsindən sığorta xərclərinin əhəmiyyətli bir hissəsi kompensasiya edilir. Əslində, aqrar sektorda sığorta çox vacibdir. Bu istiqamətdə kifayət qədər geniş siyasət həyata keçirilir. Bizim monitorinqlər göstərir ki, ən ciddi problemlərdən biri fermerlərin sığorta mexanizmi ilə bağlı məlumatlı olmamalarıdır. Lakin bu, çox önəmli məsələdir, çünki sığorta gözlənilməz xərclərin kompensasiyasını təmin edir.

Bu istiqamətdə maarifləndirici tədbirlərin və fermerlərlə birbaşa görüşlərin keçirilməsinə ehtiyac var. Maarifləndirmə aparılmalıdır ki, sığorta sistemindən istifadə etməklə gözlənilməz xərclərin kompensasiyası mümkün olsun. Əks halda sığortadan istifadə etməmək aqrar sektor üçün ən ciddi problemlərdən və çətinliklərdən biri olaraq qalacaq”.

Zaira Akifqızı
Globalinfo.az