Havanın soyuq keçməsinin səbəbi nədir? – Açıqlama

May ayının 15-i olmasına baxmayaraq, Azərbaycanda soyuq hava müşahidə olunur. Bəzi rayonlara qar, paytaxt Bakıya isə yağış yağır. Ölkədə davam edən soyuq havanın səbəbi nədir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, havanın dəyişkənliyi ən çox mart-may aylarında müşahidə olunur.

O bildirib ki, bu aylarda nəinki yağış, hətta qarın da yağması mümkündür:

“Yaz aylarında intensiv küləklər, dolu, qar və yağış müşahidə edilir. Bu isə ölkə ərazisinə daxil olan hava kütlələrinin atmosfer cəbhələrinin həm Şimal, həm Qərb, həm Avropa, həm də Xəzər dənizindən daxil olması nəticəsində atmosfer proseslərini daha da kəskinləşdirir. Nəticədə müxtəlif atmosfer hadisələri baş verir. Bu, əvvəllər də baş verib. Ayrı-ayrı günlərdə havanın temperaturu ya kəskin azalırdı, ya da artırdı”.

Rafiq Verdiyev

R.Verdiyev bu gün baş verən prosesləri həm iqlim dəyişmələri, həm də aprel-may aylarının dəyişkən xüsusiyyəti olması ilə əlaqələndirib:

“Qeyd etdiyim kimi, bu proses iqlim dəyişmələri fonunda daha da sürətlənib. Gələcəkdə də baş verməsi istisna edilmir. Burada xüsusi qeyd etmək istəyirəm ki, iqlim dəyişmələri nəticəsində temperaturun artıb-azalması son illər su ehtiyatlarımızı da 15-20 faizə qədər azaldıb. Son 2-3 ildə havaların çox quraq keçməsi ilə bağlı su ehtiyatlarımız bəzi çaylarda hətta 30 faiz azalıb və quraqlığa meyillilik artıb”.

Zaira Akifqızı
Globalinfo.az