Avqustun 30-da bəzi ərazilərdə leysan xarakterli yağışların yağacağı barədə xəbərdarlıq edilib. Artıq bir sıra rayonlara intensiv yağışlar yağıb. Kəlbəcərə isə güclü dolu yağıb. Son illər Azərbaycanda yay fəsli hava şəraiti baxımından əvvəlki illərdən bir qədər fərqli keçir. Bu il də iyunun ortalarına qədər havalar nisbətən sərin və yağışlı olub, yalnız bundan sonra temperatur yüksəlməyə başlayıb. İndi isə avqustun son günlərində yenidən yağışların gözlənilməsi müşahidə olunur.
Maraqlıdır, bundan sonra havalar soyumağa doğru gedəcək, yoxsa isti günlər hələ davam edəcək?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, leysan xarakterli yağıntıların avqust ayının sonunda yağması normal haldır:
“Burada anormal olan hər hansı hadisə yoxdur. Anormal olan daha çox atmosfer proseslərinin, hava dövranı sistemlərinin dəyişməsidir. Ötən illərdə də belə hallar müşahidə olunurdu. Sadəcə, indi iqlim və hava proseslərində daha ciddi dəyişikliklərin baş verdiyini görürük”.
Ekoloqun sözlərinə görə, alimlər müxtəlif atmosfer cərəyanları fonunda formalaşan yeni prosesləri araşdırırlar:
“Düşünürəm ki, yaxın gələcəkdə təbiət və iqlimlə məşğul olan alimlər bizə yeni proqnozlar təqdim etməyə başlayacaqlar. Əslində təbiətdə milyon illərdir müxtəlif dəyişikliklər gedir. Sadəcə, bu gün baş verən proseslərə media və sosial şəbəkələr vasitəsilə daha sürətli şahid oluruq və buna görə də bir qədər daha çox narahatlıq keçiririk. Amma düşünürəm ki, bundan ciddi şəkildə narahat olmağa ehtiyac yoxdur. İnsan oğlu milyon illər ərzində təbiətə uyğunlaşdığı kimi, yeni dövrdə də baş verən dəyişikliklərə adaptasiya olacaq”.
Q.İbrahimlinin sözlərinə görə, hər şeyə ayıq olmalıyıq:
“Çünki ətraf mühitə biz zərər veririk, ətraf mühit də müəyyən mənada bunun əvəzini bizə qaytarır. Təbiəti, kəndləri, dənizləri çirkləndirəndə bunun nəticəsi müxtəlif formada qarşımıza çıxır. Bəzi yerlərdə anomal yağışlar, bəzi ərazilərdə isə anomal quraqlıqlar müşahidə olunur. Yəni müəyyən mənada insan oğlu öz əli ilə bəzi problemləri öz başına gətirib. Bütün bunlara baxmayaraq, vətəndaşlarımızı təşvişə düşməməyə çağırardım. Yağıntıların olması özü narahatedici hadisə deyil. Əsas məsələ ondan ibarətdir ki, bu proseslərə uyğunlaşaq və mümkün risklərin qarşısını vaxtında almağa çalışaq”.
Hava şəraitinə gəldikdə isə, ekoloq bildirib ki, hər yağıntıdan sonra temperaturun bir qədər aşağı düşməsi normaldır:
“Sentyabr ayının nisbətən sərin keçəcəyini düşünürəm. Sentyabrda çox yağış gözləmirəm. Bu baxımdan havanın bir qədər sərinləşməsi yaxşı haldır. Oktyabr ayında isə temperaturda kəskin dəyişikliklər mümkündür. Gündüzlər isti, gecələr isə sərin hava müşahidə oluna bilər. Şimaldan soyuq hava cərəyanlarının daxil olub-olmamasından, yaxud cənubdan isti hava kütlələrinin gəlməsindən asılı olaraq, oktyabr ayı mülayim keçə bilər. Hətta bəzi illərdə oktyabrın sonuna, noyabra qədər nisbətən mülayim hava şəraiti müşahidə olunur. Ümid edirəm ki, sentyabr və oktyabr aylarında meyvə yığımı, kənd təsərrüfatı məhsullarının toplanması normal şəkildə həyata keçiriləcək. Qışa doğru isə havaların tədricən sərinləşəcəyini düşünürəm. Bu fikri həm hava şəraitinin gedişinə, həm də müşahidələrimə və təcrübəmə əsaslanaraq deyirəm”.
Qorxmaz İbrahimli əlavə edib ki, noyabr ayından etibarən sərin havaların daha ciddi şəkildə başlaması gözlənilir:
“Əsas arzumuz odur ki, güclü leysanlar, qasırğalar, zəlzələlər kimi ciddi təbii hadisələr baş verməsin. Bu baxımdan mövcud hava şəraitinə də şükür etmək lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az