Azərbaycanda kino sahəsinə ayrılan milyonlarla manatlıq büdcə vəsaitlərinin xərclənməsi ətrafında fikir ayrılığı yaranıb. Bir qisim düşünür ki, illərdir maliyyə ayrılır, amma ortada nə tamaşaçı marağı, nə də keyfiyyətli işlər var. Digərləri əlavə vəsaitin vacib olduğunu vurğulayırlar.
Əgər sistemli nəticə əldə olunmursa, dövlət niyə yenidən bu sahəyə böyük maliyyə ayırmalıdır?
Globalinfo.az-a danışan kinorejissor Ayaz Salayev deyib ki, vəsaitin ayrılması yalnız yaxşı film çəkilməsi üçün nəzərdə tutulmur:
“Bu vəsaiti kadrların yetişdirilməsinə və kinoda milli siyasətin formalaşdırılmasına yönləndirmək mümkündür. Təsəvvür edin ki, bir xəstəxanada problemlər var və buna görə insanlar dünyasını dəyişir. Bu, həmin xəstəxananın bağlanmalı olduğu anlamına gəlmir, oradakı işin yaxşılaşdırılması zərurətini göstərir. Milli kino da mədəniyyətimizin vacib hissəsidir. Əgər filmlərimiz keyfiyyətli olmazsa, inkişafdan danışmaq çətin məsələdir. Biz müharibəni qələbə ilə başa vurmuşuq, lakin ideoloji və informasiya müharibələri davam edir, həmişə də davam edəcək. Bu mübarizədə kinonun rolu əvəzsizdir”.
Kinorejissor qeyd edib ki, bu sahəyə maliyyə ayrılmasa da, filmlərin çəkilməsi dayanmayacaq:
“Lakin dövlət nəzarəti itirəcək. Hər kəs istədiyi mövzunu çəkəcək, çünki bu gün film çəkmək üçün təkcə telefon belə kifayət edir. Buna görə də dövlətin prosesə dəstəyi önəmlidir”.
Ləman İmran
Globalinfo.az